İran Azərbaycanla münasibətlərini sürətlə gərginləşdirir. Azərbaycan Respublikası Prezidentinin Anadolu agentliyinə verdiyi müsahibədə İranla bağlı bəyanatları İranda təhlil olunmayıb. Təhlil olunubsa da bu yalnız münasibətləri gərginləşdirməyə yönəldən nəticələr əldə ediblər: Müsahibədən aşkar şəkildə görünür ki, ölkə Prezidenti İ.Əliyev bu məsələni ictimailəşdirmək fikrində olmayıb. Təxminən iyul ayında Prezident Administrasiyasının əməkdaşlarına tapşırıb ki, İran tirlərinin Qarabağa getməsi ilə bağlı məlumatları, foto, video materialları İranın Azərbaycandakı səfiri S.A.Musəviyə versinlər. İran sakitcə bu məsələni aradan qaldırsın. İran XİN mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə açıqlamasında Azərbaycan Prezidentini bu məsələni ictimailəşdirməkdə günahlandırır. İki istiqamət ehtimal olunur:
I. Səfir məlumatı İrana çatdırmayıb. İranın Azərbaycandakı səfiri də bir az öncə İran XİN-nin mətbuat xidmətinin rəhbəri idi. İndi onun sələfi hətta zəng edib və yaxud e-mail vasitəsilə Musəvidən soruşa bilərdi ki, Azərbaycan tərəfi belə addım atıbmı? Soruşmayıb.
II. Səfir məlumatı İrana çatdırıb. İranın idarəçiliyinin problemi özünü göstərdi.
İran ümumilikdə real vəziyyəti dərk etmək imkanından məhrumdur. Bu məsələdə İran 2001-ci ildə Küveytə hücum etməyə hazırlaşan İraqa bənzəyir. Parametrləri götürün, təxminən Küveyt İraqdan 10-15 dəfə kiçik dövlətdir. Ərəb dövlətlərində coğrafi sərhədlər müəyyən olunsa da, tarixi sərhədlər anlayışı hələ də güclüdür. Qərbdəki bəzi havadarlarının vasitəsilə İraq belə başa düşdü ki, vaxtilə onun ərazisi olmuş Küveyti qaytara biləcək. Nəticəsi bəlli, bu gün dünyada İraqın dövlət olub-olmaması indinin özündə sual işarəsi altındadır.
İranın Ali rəhbərinin qərar qəbuletmə mexanizmi düzgün işləmir. Ehtimal ki, köməkçilərinin hesabınadır. Qərbdən vaksin almağı qadağan edən fətva bunun aydın nümunəsidir.
Azərbaycan Respublikasında ermənilərin təhlükəsizliyinin təmini və indi vəziyyətin gərginləşməsi ilə bağlı fətvalar da həmin bu qərar qəbuletmə strukturunun işidir.
İranın yeganə uğuru düşmənlərinin sayını artırmasındadır. Hətta Ermənistan İranı dost kimi qəbul etmir. Azərbaycan və Türkiyəyə qarşı özünün əlaltısı kimi qəbul edir. Səddam Hüseyndən sonrakı İraq-şiə İraqı da İrandan qaçır. Ərbəyinin qeyd olunma günü ilə bağlı haçalanma yarandı. İranın ali dini rəhbəri bu günü, yəni sentyabrın 27-ni elan etmişdi. Az sonra İraq şiələrinin lideri əs-Sistani ayın 28-ni elan etdi.
Qurban və orucluq bayramlarının tarixi ilə bağlı İran Ərəb (sünni) dünyası ilə belə haçalanmalara həmişə meylli olub. İrana qarşı və şiə dünyasında bu, ilk haldır.
İranı Azərbaycana qızışdıran ab-hava onun özünün daxilindədir. Başbilənlərinin inamına görə Azərbaycan dövlətinin mövcudluğu gec-tez İran dövlətinin süqutuna gətirəcək. Həqiqətən də Azərbaycan bütün iqtisadi və geosiyasi parametrlərə görə İrandan xeyli üstündür. Tək ərazi və əhalinin sayı ilə hər şey ölçülmür.
İranın Azərbaycana hücumunun son bəhanəsi Azərbaycan-İran sərhədlərində İsrail şirkətlərinin yerləşdirilməsidir. Zəngilan rayonundakı camış ferması nəzərdə tutulur. İsrailin Azərbaycanla əlaqələri həmişə İranda çox kəskin qıcıq yaradıb. İndi də qıcığın bəhanəyə çevrilməsinin səbəbi İranın hərbi baxımdan güclənməsi və bu gücünə hədsiz çox arxalanmasıdır. Bir az öncə İran yeni tezislər irəli sürdü ki, İrana qarşı olan təhlükələr 3000 km məsafədə qarşılanmalıdır. İran İraq Kürdüstanına hücum etdi. Vaxtilə İran öz ərazisində kürdlərə hərbi təlimlər keçirməsinə şərait yaradıb, onları aktivləşdirib. Təkcə onları Türkiyəyə qarşı deyil, Azərbaycana qarşı separatizmə ruhlandırıb. İran hətta Şah İsmayıl Xətaini Azərbaycandan uzaqlaşdırmaq məqsədilə onu da kürd mənşəli elan edib. İraq Kürdüstanını İŞİD-in əlindən Q.Süleymani qurtardı. İndi İraq Kürdüstanını bombalayır kı, İraq zəif dövlətdir. Özü də nə zamansa indiki İraqın vəziyyətinə düşə bilər. Bunun əlavə də dəlili ondan ibarətdir ki, İranın fikrincə kürdlərin İsrail, Qərb dövlətləri ilə əlaqələri var. Türkiyə də iddia edir ki, kürd separatçıları ABŞ-ın daimi dəstəyini alır.
İsrail-Azərbaycan münasibətləri Bakıdan köçən yəhudi əsilli Azərbaycan vətəndaşlarının hesabına qurulub. Bunun izahı dəfələrlə verilib. 1992-ci ildə Azərbaycan İranın vasitəçiliyini qəbul etdiyinə görə Azərbaycanı cəzalandırdılar, Şuşa işğal olundu. Sonradan İran hansı trayektoriyada hərəkət etdiyini yadına salsın. Azərbaycana yardım etdi; Şuşanın işğalından başlanan erməni təcavüzünün güclənməsinin yaratdığı məcburi köçkünlərə yardım etdi. Ola bilər bir neçə yüz milyon dollar İran xərc çəkmiş olsun. Məhz o tarixdən etibarən İran Ermənistana 2 milyard dollarlıq yardım etdi. Ermənistanın hər 3 prezidenti İranı “Xilaskar” və “Həyat yolu” adlandırıblar. Nə o vaxt, nə indi İran tərəfdən bu açıqlamalar rəsmən təkzib olunmayıb.
Türkiyənin də əvvəlki dövlətləri Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasına lazımi diqqət vermirdilər. Bakıya yardım təklif edən yalnız bizim keçmiş yəhudi əsilli vətəndaşlarımız idi. ABŞ-da və dünyanın digər yerlərində yaşayırdılar. Azərbaycan bu təklifi qəbul etməli idi. Bir daha qeyd edirik ki, İran Şuşanın işğal olunmasında birbaşa və ya dolayısı yolla iştirak edib. Şuşa İrana görə işğal olunub. Türkiyənin o dövrdəki dövləti də Azərbaycanın problemlərinə lazımi diqqət vermirdi. Belə olan halda Azərbaycan təklənib, az qala izolyasiya vəziyyətində idi və yəhudi əsilli vətəndaşlarımızın hesabına lobbisi ilə qurulan əlaqələrimiz Azərbaycanın silah blokadasını yarmağa imkan verdi.
İrana qarşı İsrailin Azərbaycan ərazisi vasitəsi ilə casusluq etməsi və yaxud Azərbaycanın İsrailin sözü ilə İrana hücum etməsi sadəcə İrandakıların beyninin məhsuludur. Söhbət İsraildən getmir, söhbət Azərbaycandan və onun Prezidentindən gedir. Azərbaycanın Prezidenti müstəqil Azərbaycanın rəhbəridir. Dünya Azərbaycanlılarının lideridir və siyasətini yalnız Azərbaycanın özünün imkanları hesabına qurur. D.Medvedev Rusiya prezidenti olarkən Azərbaycana İran istiqamətində bir yeni iş aparmağı təklif etdi. Guya İrana qarşı ABŞ-ın müharibəsi başlayacaq və İrandan qaçqın axını yaranacaq. Əksəriyyət Azərbaycana gələcək və Azərbaycan MDB üzvü olduğu üçün İrandan gələn bu qaçqınlar Rusiyada sosial-humanitar vəziyyəti gərginləşdirəcəkdir. Eynilə bu motivasiya üzrə təxminən bir ildən sonra RF Xİ naziri S.Lavrov mövqe bildirdi. Bir müddət keçmiş prezident V.Putin də eynilə bu fikri təkrarladı. Bunlar publik məsələlərdir. 2013-cü ilin avqustunda V.Putin Prezident İ.Əliyevin evində Azərbaycanın tarixi problemlərini həll etmək istiqamətində əməkdaşlıq təklif etdi. Bunu Azərbaycan qəbul etmədi. ABŞ-a səfəri zamanı oğul Corc Buşla görüşdə ABŞ tərəfi Azərbaycan Prezidentinə İrana qarşı əməkdaşlıq təklif etdi. Ağ Evin lujaykasında İ.Əliyev Azərbaycan ərazisindən İrana qarşı istifadə olunacağına imkan verilməyəcəyini bildirdi. Azərbaycan İran istiqamətində Rusiya və ABŞ-ın təkliflərini rədd edir. Rusiya və ABŞ-dan qat-qat zəif İsrailin sözü ilə oturub- durması xəstə beynin məhsuludur. ABŞ İranın hərbi qonşusudur, Rusiya İran və Azərbaycanın tarixi, coğrafi, hərbi, iqtisadi qonşusudur. Bunu anlamaq üçün İranda lazım olan dərrakə görünür hələ yetişməyib.
İrana qarşı casusluq vacibdir və bu işi də Ermənistan ərazisi vasitəsilə qurublar. İran-Ermənistan qaz kəməri, Yüksək Gərginlikli Elektrik Xətləri, Voratan Su Elektrik Stansiyası İrana qarşı casusluğun maddi-texniki bazasıdır. İran-Ermənistan sərhədində bir neçə dəfə İrana keçən casus tutulub. Tutulmayanların sayı isə bizə bəlli deyil. ABŞ-ın Ermənistan səfirliyində təxminən 80 nəfərə yaxın əməkdaş var. Onların yarıdan çoxu müxtəlif variantda İranla əlaqəli iş görənlərdir. İranın daxilində vətəndaşlarının, xüsusi ilə gənclərin dini və cinsi oriyentasiyası dəyişdirilir və bu adla Ermənistan vasitəsi ilə Qərbə yönəldilir. Nəticədə, bu adamlar casusluq materialı kimi istifadə olunur. İran bunları görmək istəmir. Rəsmi Tehran neçə İran vətəndaşının Ermənistana getdiyini və oradan neçəsinin qayıtdığının statistikasını aparsa həm tərkib, həm də say baxımından kimlərin Ermənistan vasitəsilə Avropa, Qərbə getdiyini bilər. İrandakı ermənilər də İran vətəndaşlarının dini və cinsi oriyentasiyasını dəyişib Yerevan vasitəsilə Qərbə ötürülməsində çox vacib rol oynayır.
İranın ermənipərəst və anti-Azərbaycan olduğunu göstərən dəlillər hədsiz çoxdur. Söhbət ümumi Ermənistanın İrana yardımından getmir, son dövrlərdə baş verənlərdən gedir:
ı. Ermənilər, Qarabağdakı ermənilər Azərbaycan məscidlərində donuz saxlayıb, İran isə onları ərzaqla, yanacaqla təmin edir, silahı hələ kənara qoyuruq.
ıı. Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyan İran vətəndaşı olaraq Qarabağda olub və Qarabağa yardıma uzun müddət rəhbərlik edib. ııı. Ölkə Prezidenti demiş, İran Azərbaycan sərhədlərinin 122 kilometri 30 ilə yaxın işğal altında oldu. Orada İran hərbi təlim keçirmədi. Yaxında İran Daxili İşlər Nazirliyinin sərhəd komandanlığının rəisi İran-Azərbaycan sərhədi barədə tam arxayınlığın olduğunu bildirdikdən az sonra Tehranda kimlərinsə yadına İran-Azərbaycan sərhədi düşdü.
ıv.Azərbaycanın cənub zonasındakı meşə yanğınları digər regionlardakı meşə yanğınlarından bəlkə də 5-10 dəfə artıq baş verir. İran bir dəfə olsun yanğınların söndürülməsinə yardım etməyib. Ermənistan-İran sərhədində yanğın baş verən kimi Ermənistanın söndürməyə gücü çatmadı, İran köməyə gəldi.
v. İran bu günə qədər bir dəfə də olsun Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya, demarkasiyası məsələsinə münasibət bildirməyib. Rusiya, Fransa, ABŞ, Aİ Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasını zəruri addım adlandırır. Ermənistanı buna vadar edirlər.
vı. Mina xəritələri məsələsinə də eyni kontekstdən yanaşmaq lazımdır. İran Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təmizləmədə iştirak iddiasını ortalığa qoydu, bircə dəfə “Ermənistana mina xəritələrini Azərbaycana ver” sözünü işlətmədi.
İranın Azərbaycana qarşı təbliğat bazarının içərisini sirkə çeviriblər. Hərə özü üçün sirkin obyekt və subyektindən nəsə götürüb. Birisi son dövrlərdə “küçük” olmağı arzulayır. Digər qonşu dövlətlərin rəhbərlərinə zingildəməklə məşğuldur. Qışın boranına qədər böyüyüb itə çevriləcəyinə inanır.
İranın təbliğat maşınını Azərbaycanla bağlı həqiqəti görməməyə məcbur edirlər. Bəlkə də təbliğat maşını elə bu istiqamətdə qurulub. İranın ali dini rəhbərinin 44 günlük müharibənin ilk günlərində verdiyi fətvanın ikinci hissəsində aydın şəkilıdə göstərilib ki, Qarabağ ermənilərinin təhlükəsizliyi təmin olunmalıdır. Son dövrlərdə təbliğat maşınında bu fikir işlədildi. Bəlli oldu ki, təbliğatçılar fətvanın ikinci tezisinin nə olduğunu bilir. Belə nəticə çıxır ki, əvvəldən məhz Azərbaycanın üstünə bu qədər şər-böhtan, qara yaxmaqla diqqəti ali dini rəhbərin o fikrinin üstündən yayındırırmışlar. Bəs Allahın nəzərindən necə yayındırmaq mümkün olacaqmı?! Allahın yatmasına və məzuniyyətə çıxmasına yalnız İranda inanırlar.
Azərbaycan Respublikasının güclü təhlükəsizlik sistemi var.
- İran kontekstində bu müdafiə sisteminə daxil olan ən birinci parametr İranın Azərbaycana qarşı belə dəli hərəkətini iri dövlətlərin hamısının, o cümlədən BMT TŞ üzvlərinin bilməsidir.
- Azərbaycanın Türkiyə ilə hərbi-strateji əməkdaşlıq barədə artıq müqaviləsi, Şuşa bəyannaməsi var. Şuşa bəyannaməsi təkcə ermənilərə aid deyil. Əvvəlcədən bilinirdi ki, İran belə vəziyyət yarada bilər.
- Azərbaycan MDB-nin üzvüdür, MDB-nin bütün təhlükəsizlik sisteminin, o cümlədən Hava Hücumundan Müdafiə sisteminin üzvüdür.
- Azərbaycan KTMT-nin bir addımlığındadır.
- Azərbaycanın Rusiya ilə ikitərəfli əməkdaşlığı barədə ölkə Prezidentinin Türkiyə mətbuatına verdiyi açıqlama xüsusi diqqət çəkir. Türkiyə mətbuatında Azərbaycan Prezidenti Rusiya, Rusiya prezidenti ilə münasibətlər barəsində geniş fikirlər bildirir.
- Azərbaycanın Pakistanla münasibəti çox əladır və nəzərə alınmalıdır ki, məhz İran amili Pakistan-Azərbaycan münasibətlər sisteminin yaranmasının əsas səbəbidir. Güclənməsinə də əsas amil İranın hər 2 dövlətin sərhədində şuluqluq yaratmasıdır. Vaxtilə Pakistan Azərbaycana dəstək üçün İranın ərazisindən istifadə etmək niyyətinə düşdü, İran buna imkan vermədi.
İran belə siyasəti və hərbi təlimləri özünü ciddi risk altına qoydu. İranın yaratdığı vəziyyəti normallaşdırmaq gücü yoxdur.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi