“Hər bir halda iğtişaşların baş verməsi üçün tələblərlə çıxış edirlər, buna görə dini bayramlardan istifadə edirlər”
“Geniş çeşidlənmiş hücrələr vasitəsilə elə bir formada təşkilatlanıblar ki, onların hansı formada Azərbaycan dövlətçiliyinə zərbə vuracaqları göz önündədir”
“Təəssüfləndirici məqam da məhz budur ki, əsasən təhsildən kənarlaşdırılmış uşaq və qadınlar onlar üçün bir hədəf və qurbandır”
Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamada bildirilir.Qeyd olunub ki, bəzi şəxslərin tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub. Həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb.
Dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər.
“Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, - deyə DTX bildirib.
Qeyd edək ki, bir qrup şəxs şəhid məzarı önündə çıxış edərək İsrail əleyhinə danışıb.
Baş verənləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli vurğulayıb ki, Azərbaycanın administrativ qurumları bu məsələ ilə bağlı lazımi addımları atırlar:
“Son olaraq DTX radikal dini ayrı-seçkiliklə əlaqədar təbliğat aparanlara çağırış etdi ki, dini-irqi zəmində düşmənçilik yaymaq olmaz. Bununla bağlı da Cinayət Məcəlləsində xüsusi maddə var.
Mövcud durumda iki məqam var. Birincisi odur ki, Azərbaycanın hüquq -mühafizə orqanları baş verənlərə münasibət bildirir, mübarizə aparır və ayıq-sayıqdırlar. İkincisi, dini administrasiyanın rolunu qeyd etməliyik. Ancaq dini administrasiyanın İran qarşısındakı tutumu, onların təsirinə düşməkdən idealogiyaya yönəlik öz mövqelərini qapdırmaası və faktiki olaraq dini vassala çevrilməsi çox təəssüfləndirici məqamdır”.
“Dövlətimiz hansı addımları atmalıdır?” sualına gəlincə Ə.Əlibəyli söyləyib ki, qonşu ölkədə dini təsirlərə yol açanlara qadağalar qoyulmalı, onlar ciddi nəzarətə alınmalıdır:
“Eyni zamanda din xadimlərinin geyimləri dəyişdirilməli, dini rütbələr müəyyən edilməli və Azərbaycanda bir çoxları şiə adı altında dini rəhbər kimi iranlı xadimləri qəbul edirlər, həmin şəxslərə qadağalar qoyulmalıdır. Ölkəmizdə Hüseynçilər, Zeynəbçilər vəs. adlı bəzi mərkəzlərin fəaliyyətinə ciddi şəkildə nəzarət olmalıdır. Zaman-zaman atdığımız bütün addımlara din donu geyindirərək dövlətin hüquqi əsaslarını sarsıltmağa çalışan bu kütlə bilavasitə qonşu ölkənin direktivləri əsasında fəaliyyət göstərir. Hər bir halda iğtişaşların baş verməsi üçün tələblərlə çıxış edirlər, buna görə dini bayramlardan istifadə edirlər. Geniş çeşidlənmiş hücrələr vasitəsilə elə bir formada təşkilatlanıblar ki, onların hansı formada Azərbaycan dövlətçiliyinə zərbə vuracaqları göz önündədir. Xüsusən də son zamanlar uşaqlara və qadınlara yönəlik prosesləri genişləndirirlər. Təəssüfləndirici məqam da məhz budur ki, əsasən təhsildən kənarlaşdırılmış uşaq və qadınlar onlar üçün bir hədəf və qurbandır.
Şəhidimiz Polad Həşimovun qəbri üstündə din xadimi şiə şəhidi anlayışı adı altında insanların düşüncələrini parçalamağa və dini fərqi ortaya çıxarmağa çalışırdı.
Bununla da bir növ həmin dini kəsimin nə cür oyun oynadığının şahidi olduq. Bütün bunlara tam şəkildə müqavimət göstərilməlidir. Həmin şəxslər Azərbaycan xalqının liberal görüşlərinə qarşıdırlar, bu görüşlərdə onlara yer olmamalı, ciddi şəkildə dövlət siyasəti və ictimai münasibət formalaşmalıdır. Təbii ki, onlar bizim ümumi konfiqurasiyamıza heç bir halda ziyan vura bilməzlər!”.
Yeganə Bayramova