İran ciddi əndişədədir



Sərhədlərimizdə quru qoşunların təlimi başlayır

Hərbi təlimə “Xeybəri fəth edənlər” adının verilməsi də ciddi məqamdır


İran Silahlı Qüvvələrinin quru qoşunları ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq. Bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib. Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. O qeyd edib ki, İran Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında məlum təqvimlərdə təlimlər keçirir. Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb. Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuqluğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə “Xeybəri fəth edənlər” adının verilməsi heç də təsadüfi deyil. Analitik bir müddət əvvəl İran XİN başçısı Səid Xətibzadənin açıqlamasına diqqət çəkib: 

“Xətibzadə deyib ki, “İran sərhədləri yaxınlığında sionist rejimin varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edəcək”. Mahiyyət etibarilə bu, çox ciddi və bir o qədər də təhlükəli açıqlamadır. Hərbi təlimə “Xeybəri fəth edənlər” adının verilməsi də ciddi məqamdır. Məsələ ondadır ki, Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən bir ərazidir. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan yəhudilər yaşayıblar. Həmin yəhudilər uzun müddət Məhəmməd peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaradıblar. 628-ci ildə Xeybərə hücum edilib və koalisiya məğlub olub. Buradan çıxan nəticə belədir ki, İran üçün Azərbaycan 21-ci əsrin “Xeybər qalası”dır. Təlimlə bağlı digər diqqət çəkən məqam zirehli texnika, artilleriya, PUA-lar və radioelektron mübarizə vasitələrinin istifadə ediləcəyidir. Xüsusilə təlimlərə PUA-ların cəlb edilməsi rəsmi Bakıya verilən növbəti mesajdır. 44 günlük müharibə zamanı müharibənin taleyini böyük ölçüdə həll edən İsrail istehsalı “Harop” və Türkiyə istehsalı “Bayraktar” PUA-larının əhəmiyyətini İran yaxşı bilir. Təlimlərə PUA-ları cəlb edərək rəsmi Bakıya qarışındakı ölkənin zəif Ermənistan deyil, İran olduğu mesajını verməyə çalışır”.

T.Rzayev bəyan edib ki, rəsmi Tehran Azərbaycanın xarici siyasətindən və regionda baş verən dəyişikliklərdən ciddi narahatdır: 

“Bu mənada düşünürəm, “Xeybəri fəth edənlər” təlimi təkcə hərbi təlim olmayacaq. İran təlimləri bahanə edərək şimal-qərb bölgəsi Güney Azərbaycanı - Ərdəbil, Zəncan, Şərqi və Qərbi Azərbaycan ostanlıqlarında fəallara qarşı təmizləmə əməliyyatı keçirəcək. Həm də bu təlimlər zamanı ölkə daxilindəki İran meyilli qüvvələr aktivləşəcək. Mahiyyət etibarilə proses artıq başlayıb. Anım Günü tədbirlərindən birinə qatılan bir qrup çadralı qadının İsrail əleyhinə şüarlar səsləndirməsi və sosial şəbəkə üzərindən müxtəlif növ çağırışların edilməsi bunu bir daha təsdiqləyir. İran təlimlərlə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir”.