Minsk Qrupunu prosesə qaytarmaq maraqlarımıza ziddir

Türkiyənin rolunu artırmaq üçün addımlar atmalıyıq

Nə qədər ki, bölgədə Rusiya və Fransa kimi ölkələr var, dövlət maraqlarımız hər zaman təhlükədə olacaq

“Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ciddi hazırlıq tələb edir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev deyib. Onun sözlərinə görə, məhz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv təmasları sayəsində Qarabağda qan tökülməsi dayandırılıb və üçtərəfli bəyanatı imzalamağa nail olunub: 

“Rusiya problemli məsələlərin həllində ali və yüksək səviyyədə müntəzəm dialoqun hər zaman qarşılıqlı anlaşmaya və konstruktiv atmosferin dəstəklənməsinə kömək etdiyi qənaətindədir”. Zaytsevin fikrincə, Minsk Qrupu həmsədrlərinin regiona səfəri görüş üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək. O, həmsədrlərin regiona səfərlərinin tarixi barədə hələlik məlumatın olmadığını vurğulayıb. 

Xatırladaq ki, Prezident İlham Əliyev Fransanın “France 24” kanalına verdiyi müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün əleyhinə olmadığını söyləyib. Dövlət başçısı bildirib ki, görüş ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunarsa, rəsmi Bakı buna etiraz etməz. Bununla yanaşı, ölkə rəhbəri qeyd edib ki, Ermənistan tərəfindən istənilən revanşist mövqe Azərbaycan tərəfdən çox sərt qarşılanacaq. 

AĞ Partiyanın sədri Tural Abbaslı “Şərq”ə vurğulayıb ki, səmərəsiz fəaliyyətlə ad çıxarmış Minsk Qrupuna yenidən bel bağlamaq olmaz. Partiya rəhbərinin sözlərinə görə, həmsədrlər 30 ilə yaxın fəaliyyətləri müddətində münaqişəni həll etmək bir tərəfə qalsın, mümkün həll variantlarını belə sıradan çıxarıblar: 

“Minsk Qrupunu yenidən dirçəltməyə çalışmaq, danışıqlar prosesinə qoşmaq Azərbaycanın maraqlarına uyğun gəlmir. Fikir verirsizsə, Rusiya ciddi-cəhdlə həmsədrlərin geri dönüşünün tərəfdarı kimi çıxış edir. Bu, səbəbsiz deyil. Rusiya və Fransanın mövqeyi bizə bəllidir. ABŞ da fərqli yanaşma sərgiləmir. Birbaşa Azərbaycanın maraqlarının əleyhinə çıxış edən ölkələrdən təşkil olunmuş bir qurumdan fayda gözləmək əbəsdir. Qətiyyətlə bunun əleyhinə olmalıyıq. Ümumiyyətlə, Minsk Qrupunun mandatının ləğv olunması üçün BMT-yə müraciət etməliyik. Ən əsası isə həmsədrlərin vasitəçiliyi ilə heç bir danışığa razılıq verməməliyik. Əgər Türkiyənin iştirakı ilə yeni formatda tərəflərin görüşü təşkil olunarsa, buna razılaşmaq olar”. 

T.Abbaslıya görə, Ermənistanın sərgiləyəcəyi mövqe Kremldən böyük anlamda asılıdır:

 “İrəvan müstəqil siyasət yürütmür. Əslində Rusiya rəsmisi “liderlərin görüşü böyük hazırlıq tələb edir” deyəndə asılı İrəvanı deyil, elə Moskvanın özünü nəzərdə tutur. Putin tərəflərin təmasında, müxtəlif müzakirələrin aparılmasında bir qədər ehtiyatlı davranır. İstəmir ki, Qarabağ məsələsində əldə etdiyi müsbət imicə zərbə dəysin. Görürsüz, hər fürsətdə öyünürlər ki, Rusiyanın sayəsində müharibə dayandı, saziş imzalandı və s. Halbuki, Kremlin müdaxiləsi olmasaydı, münaqişə tamamilə həllini tapardı və bu cür qarışıq vəziyyət yaranmazdı. İstəmədən də olsa Rusiya reallığını qəbul edirik. Amma reallığı dəyişmək üçün addımlar atmalıyıq. Bunun da yolu regiona və konfliktin həllində qardaş Türkiyənin rolunun artırılmasıdır. Nə qədər ki, bölgədə Rusiya və Fransa kimi ölkələr var, dövlət maraqlarımız hər zaman təhlükədə olacaq”.