Ermənistanda bir qrup siyasətçi və ictimai xadim Xüsusi İstintaq Komitəsinə çağırılıb. “Report” xəbər verir ki, bu barədə yerli “Hrapak” qəzeti yazıb. Bildirilib ki, keçmiş deputat Aragats Akhoyan, Arşak Zakaryan, Tiqran Çobanyan və başqaları yanvarın 28-də keçirilən mitinq zamanı dövlət binalarına hücum etdikləri üçün mühakimə olunurlar.
Ermənistandakı vəziyyəti "Sherg.az"a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, oradakı “Qarabağ klanı”, vaxtilə Paşinyanın komandasında çalışmış, sonra səmərəsiz işlərinə görə vəzifəsindən qovulmuş insanlar var. Ekspertin sözlərinə görə, həmin şəxslər vahid cəbhədə - müxalif qüvvədə birləşiblər:
"Ermənistanın ikinci prezidenti Robert Köçəryan ilə üçüncü prezident Serj Sarkisyan əvvəl düşmən idilər. İndi ittifaq qurub, blok yaradıblar. Ermənistanın Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da onların sırasına qoşulub. Xüsusilə, 44 günlük müharibə bitəndən sonra onlar azğın metodla, qisasçı, revanşist fikirlərlə dolu nitqlər söyləyirdilər. İşğal etdikləri torpaqların azad edilməsinə görə sərsəm, həqiqətə söykənməyən əməllərə qurşanırdılar. N.Paşinyan kapitulyasiya aktını imzalayandan sonra daha da həyasızlıq etdilər, parlament əmlakına ziyan vurdular. Hamısı ciddi qanun pozuntusudur. Hazırda istintaq həyata keçirilir".
Politoloq deyib ki, Ermənistan dövləti istəsə, deputat olan şəxslərin toxunulmazlığının ləğv edilməsi haqqında vəsadət qaldırar. Bununla da, onlar adi vətəndaşa çevrilərlər:
"Ermənistan cəmiyyətində vaxtilə mövcud olmuş xaosun qarşısını almaq üçün addımlar atıb, xaosu cilovlamaq istəyirlər. Yəqin, prokururorluq məsələyə baxandan sonra işi məhkəməyə göndərəcəklər. Məhkəmə də müxtəlif cəzalar çıxara bilər. Robert Köçəryan dövlət əmlakını mənimsəməkdə, rüşvətxorluqda günahlandırılır. Ermənistanın baş prokurorluğu məlumat yayıb ki, eks-prezident Serj Sarkisyanın “Baden-Baden” kazinolarında 100 milyon dollar uduzub".
Q.Hüseynli sonda əlavə edib ki, əvvəl R.Köçəryan həbs edilsə də, Rusiyanın xahişi ilə azadlığa buraxıldı, amma məsələyə araşdırılır:
"Ermənistanda korrupsiya, hakimiyyətdən sui- istifadə çox yayılıb. N.Paşinyan hər halda korrupsiyaya qarşı mübarizə aparır. Hələ ki özünün hər hansı korrupsiya əməllərinə baş vurması ilə bağlı ciddi material yoxdur".