“3+3 formatı”nda növbəti görüş!- “Ermənistan öhdəliyinə əməl etməlidir”

Xəbər verdiyimiz kimi,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında ötən gün telefon danışığı baş tutub. XİN rəhbərləri telefon söhbətində 2021-ci ilin dekabrın 10-da Moskvada keçirilən Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın inkişafı üzrə “3+3” formatının ilk toplantısını müsbət qiymətləndiriblər. Danışıq zamanı eyni tərkibdə növbəti görüşün yaxın vaxtlarda hazırlanması barədə razılıq əldə olunub. Həmçinin S.Lavrov Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə səylərə dəstəyini ifadə edib. Onlar eyni zamanda ikitərəfli münasibətləri, qarşıdan gələn NATO-Rusiya Şurası toplantısını,həmçinin Qazaxıstan, Bosniya, Herseqovina və Qafqazdakı cari vəziyyəti müzakirə ediblər.

Maraqlıdır,“3+3”formatının növbəti görüşündə hansı məsələlərin müzakirəsi gözlənilir?

Sualmızı cavablandıran siyasi şərhçi Elmir Səftərov “Sherg.az” a bildirib ki, növbəti görüş regional müstəvidə sülhün və əməkdaşlığın təmin olunmasında əhəmiyyətli rola malikdir:

“Nüfuzu artmaqda olan Türkiyənin və dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyanın “3+3 formatı”na ciddi yanaşması regional əlaqələrin mahiyyətini hərtərəfli artırır. Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı bunun bir daha şahidi olduq.Yaxın vaxtlarda keçiriləcək növbəti görüşdə region ölkələrinin əməkdaşlığının genişləndirilməsi məsələlərinin geniş müzakirə olunması gözlənilir. Bu əməkdaşlığı vacib edən məsələ isə formata daxil olan ölkələrin sülh və normal qonşuluğunun davam etməsindən keçir”. 

E.Səftərov “3+3 formatı”nın növbəti görüşündə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə daha da ciddi addımların atılacağını söyləyib. Və bu tənzimləmənin birbaşa rəsmi Bakı ilə bağlı olduğunu deyib:

 “Qeyd edək ki, bundan əvvəl Ermənistanla münasibətlərin normallaşması prosesində Türkiyənin "xüsusi təmsilçisi" seçilib.Mövlud Çavuşoğlunun  “Bölgəmizdə tənzimləmənin hər mərhələsində birlikdə hərəkət edəcəyik” fikri onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla aralarındakı bəyanatlara əməl etməlidir”.

Siyasi şərhçinin qənaətinə görə, görüşdə Cənubi Qafqazdakı proseslər, Ukrayna-Rusiya münasibətlərinin danışıqlar və beynəlxaq hüququn normalaırna əsaslanan məsələlərlə həll edilməsi, həmçinin Qazaxıstan, Bosniya və Herseqovinada daxili siyasi dialoqun tezliklə bərpasının vacibliyinin müzakirəsi də gözləniləndir:

 “Bütün bunlara yanaşı regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlmiş fikir mübadiləsinin aparılması ən önəmli məsələlərdir”.