Tokayev ağır bədəl  ödəyəcək! – “Ruslar Qazaxıstandan çıxmayacaq”

Xəbər verdiyimiz kimi, Qazaxıstanda yanvarın 2-dən ölkə sakinlərinin yanacağın qiymətinin artırılmasına qarşı başlatdığı etirazlar davam edir.Əldə olunan son məlumatlara görə, iğtişaşlar zamanı 26 nümayişçi,18 polis ölüb. Saxlanılanların sayı isə artıq 4 min nəfərə çatır. Hazırda bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Maraqlıdır, Qazaxıstandakı hadisələr bundan sonra hansı istiqamətdə davam edəcək?

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev  mövzunu “Sherg.az”a şərh edərkən bildirib ki, hazırda bu ölkədəki  hadisələr idarə olunmayan vəziyyətdədir:

 “Burda müxalifət lideri olmadığına görə proseslər kütləvi şəkildə həyata keçirilir. Adətən kütlə psixologiyasına görə lider seçilmir. Hər kəs özünü lider hesab edir. Ona görə də bu tip proseslərin tez sona çatacağı inandırıcı görünmür”.

C.Nuriyevin qəanətincə, yaxın bir neçə həftə ərzində Almatı və digər iri şəhərlərdə fövqəladə vəziyyət adı ilə həbs olunanların sayı çoxalacaq:

 “Öldürülənlərin sayı da hazırda 27 nəfərdir. Yaxın günlərdə bu daha da çoxalacaq. Çünki Tokayev  ölkədə zərərsizləşdirmə ilə bağlı özü müraciət edib. Bu çox təhlükəli bir vəziyyətdir. Adam öz hakimiyyəti üçün bütün ölkəni qurban verdi”.

Ekspert məsələdə  Rusiyanın mövqeyinə diqqət çəkib. O rəsmi Moskvanın  bunu çoxdan  planlaşdırdığını söyləyib və səbəbini açıqlayıb: 

“Çünki SSRİ- nin bərpa olunması üçün ona ən çox etiraz edən dövlətlərdən biri Qazaxıstan idi. Həm ərazisinə, həm də iqtisadi gücünə görə o Rusiyanı narahat edirdi. Nazarbayev də bununla razılaşa bilmədiyinə görə çoxdandır bunların nəzarətində olan Tokayevin “əli” ilə bütün istədiyi işləri gördü. Adam onu hakimiyyətə gətirən Nazarbayevi satdısa, demək, hər şey etməyə qadirdir. Yetim ona çörək verəni birinci öldürür”. 

Politoloq indiki halda  rus ordusunun  Qazaxıstanı tam nəzarətə götürməmiş ordan çıxmayacağını vurğulayıb:

 “Qazaxlar tabe olmağı sevməyən, azad düşüncəli xalqdır. Bu proseslər yaxın bir ay ərzində davam edəcək. Ola bilər ki, müvəqqəti olaraq ara sakitləşsin. Qazaxlar gözləyəcək ki, rus ordusu ordan çıxıb getsin, amma Tokayev bunun bədəlini çox ağır ödəyəcək”.