Ona görə Qazaxıstandakı hadisələrə bir az gec qaldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev arasında telefon danışığı baş tutub. Liderlər Qazaxıstandakı son hadisələri müzakirə ediblər. Türkiyə dövlət başçısı Qazaxıstanda baş verən olayları diqqətlə izlədiyini və Qazaxıstanla həmrəy olduğunu qeyd edib. Danışıqlar zamanı Ərdoğan Qazaxıstanın yeni hökumətinin tezliklə formalaşmasına ümid etdiyini bildirib: “Türkiyə lazım gələrsə, Qazaxıstanla təcrübə və texniki biliklərini bölüşməyə hazırdır”. Bundan əlavə, Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin digər liderləri - Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət başçıları ilə əlaqə saxlayıb. Ərdoğan dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu ifadə edib.
Qazaxıstanda baş verən son hadisələri “Şərq”ə şərh edən siyasi şərhçi Azər Həsrət Türk Dövlətlər Təşkilatının bu proseslərə anında müdaxilə etmək üçün hələ hazır olmadığını bildirib:
“Qazaxıstanda baş verən hadisələrə türk dövlətlərinin daha çevik reaksiya verməsini hamımız gözləyirdik. Əlbəttə ki, türk dövlətlərinin bu prosesdə daha öndə görünməsi arzuolunan idi. Lakin, bir qədər gecikdilər. Bu da belə hallarda reaksiya vermək üçün çevik mexanizmlərin olmamasından irəli gəlir. Türk Dövlətləri Təşkilatı yenidir. Bu vaxta qədər sadəcə bir şura vardı – Türk Şurası. O da adından göründüyü kimi məşvərətçi bir qurum idi. İndi isə təşkilat qurulub və onun strukturları hələ tam formalaşmayıb. Yəni daha çevik hərəkət etməsi üçün gərəkli strukturları yoxdur. Buna baxmayaraq türk dövlətləri baş verən hadisələri heç də gözardı etmirlər. İstər Qırğızıstan prezidenti, istərsə də Özbəkistan prezidenti, eləcə də, Azərbaycan və Türkiyə rəhbərləri baş verənlərlə daimi maraqlanır, öz aralarında məsləhətləşmələr aparır. Qazaxıstan dövlətinə bu və ya digər şəkildə edə biləcəkləri yardımları müzakirə edirlər”.
Azər Həsrət hazırda baş verənlərlə, yaxud buna bənzər hadisələrlə bağlı daha çevik reaksiya verə bilmək üçün mümkün qədər tez zamanda uyğun strukturları formalaşdırmaq lazım olduğunu vurğulayıb:
“Burada ortaq sülhyaratma qüvvələri də istisna deyil. Eyni zamanda belə hadisələr baş verərkən tərəflər arasında vasitəçilik edəcək struktur vahidləri olmalıdır. Biz artıq bu təşkilatın birlik zərurətinin daha da gərəkli olduğunun fərqindəyik. Bizim strukturlarımız işləmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu prosesə bizdən daha öncə müdaxilə etdi. Qazaxıstan da türk dövlətləri təşkilatının müdaxilə imkanlarının olmadığını nəzərə alaraq KTMT-yə müraciət etməyə məcbur qaldı. İndiki şəraitdə biz Qazaxıstanı Rusiyanın işğalına buraxmış olduq”.
Sənan İsmayıl