İrəvan-İstanbul-İrəvan reysi açıldı! - “Türkiyə şərt qoydu ki, Azərbaycanla yekun sülh...”

Ermənistanın “Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb. “Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.

Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib. Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.Bu gün axşam ilk İstanbul-İrəvan-İstanbul aviareysi də həyata keçiriləcək. APA-nın yerli bürosu xəbər verir ki, aviareys Türkiyənin “Pegasus” aviaşirkəti tərəfindən həyata keçirilir. İstanbul-İrəvan marşrutu üzrə reys yerli vaxtla saat 23:35-də Sabiha Gökçen hava limanından baş tutacaq. Bir nəfərlik super ekonom biletin qiyməti 845 türk lirəsi (107 manat), comfort flex üçün isə - 1357 türk lirəsi (171 manat) olaraq satışa çıxarılıb.Şirkətin İrəvan-İstanbul aviareysi isə 3 fevral yerli vaxtla saat 06:30-da baş tutacaq.İrəvandan İstanbula isə biletlərin minimal qiyməti 1 152 türk lirəsi (146 manat) olaraq müəyyən edilib.

İllər sonra iki ölkə arasında bərpa olunan aviareyslərlə bağlı “Sherg.az”a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bildirib ki, Türkiyə və Ermənistan arasında hava yollarının bağlanmasında iki əsas faktor var idi:

“Birinci faktor sözsüz ki, Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasəti və torpaqlarımızın 20 faizini işğal altına salması idi. İkinci faktor isə Ermənistanın Türkiyəyə qarşı olan əsasız ərazi iddiaları və sözdə soyqırımı iddiaları ilə bağlı idi.  Bütün bu problemlərin fondunda 1992-ci ildən etibarən Türkiyə Ermənistan ilə sərhədlərini bağlamışdı. Bu da Ermənistan iqtisadiyyatına böyük zərbələr vurub. Lakin bu faktorlardan biri 2020-ci ildə İkinci Qarabağ savaşından sonra torpaqların işğaldan geri qaytarılmasından nəticəsində bu faktorlardan biri aradan qalxdı. Türkiyə artıq bundan sonra münasibətləri normallaşdırmağa hazır olduğunu vurğuladı. Əslində Türkiyə bunu daim vurğulayırdı. Hətta 2007-ci ildə də Türkiyə Ermənistanla Cenevrədə danışıqlar zamanı da bunu bildirmişdi”.

Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi işğala son qoyduqdan sonra bunun üçün real zəmin yarandı:

“Bu yaranmış geosiyasi şərait bütün Qafqazda sülhü və əmin-amanlığı bərpa etməyə və normal münasibətlərin təmin edilməsinə şərait yaratmış oldu. Biz bilirik ki, artıq ayın əvvəlindən etibarən Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında Moskvada danışıqlar baş tutdu. Əminəm ki, bu danışıqlarda bir sıra mühüm məqamlar, o cümlədən, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması, eyni zamanda kommunikasiya xətlərinin bərpası, normal münasibətlərin təmin olması, müxtəlif növ anlaşmalara imza atmaq məsələləri müzakirə olunacaq”. 

S.Zahidov qeyd edib ki, bu, uzun prosesdir:

“Bu bir nəçə danışıqla həll olunası məsələ deyil. Növbəti aylarda da görüşlər olacaq. Sadəcə olaraq bu hava yollarının açılması artıq bir növ uzun prosesin ilkin mərhələsi kimi qələmə verilməlidir. Sonrakı mərhələdə düşünürəm ki, digər kommunikasiya xətlərinin açılması, eyni zamanda  sərhədlərin açılması məsələsi gündəmdə ola bilər. Burada bir mühim məsələ ondan ibarətdir ki, Türkiyə qarşı tərəfə daha bir şərt qoydu ki, paralel şəkildə Azərbaycanla olan münasibətlər normallaşdırılmalı, Azərbaycanla yekun sülhə imza atılmalıdır. Çünki bilirik ki, Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələlər var. İstər sərhədlərin delimitasiyası, demarkasiyası, istər sülh sazişi olsun, istər kommunikasiya xətlərinin bərpası olsun, bununla bağlı işlər görülür. Amma Türkiyə tərəfi də Ermənistana təzyiqlər göstərir.Yəni, proses paralel şəkildə həm Ermənistan-Azərbaycan, həm də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına təsir göstərir”.

Çimnaz Şahlar