“Sülh müqaviləsi Ermənistanın daxili vəziyyətini gərginləşdirəcək”

Ermənistanın “Vətəndaş sazişi” Partiyasının prezidentliyə namizədi Vaaqn Xaçatryan yerli televiziya kanalına müsahibəsi verib. O müsahibə zamanı bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır:
“Mən düşünürəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür. Ermənistan vətəndaşları anlamalıdır ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq belə, sülhə çalışmalı, digərləri ilə münasibətdə bunu rəhbər tutmalıyıq”.

V.Xaçatryan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirdiyini vurğulayıb: “Prosesi davam etdirmək lazımdır.Nəticədə bu  iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq”. Həmçinin  Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışı zamanı  rəsmi İrəvan və Bakının dəmiryolu kommunikasiyalarının açılmasına yaxın olduğunu deyib: “Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru Rusiya Dəmir Yolları olacaq”

AĞ Partiyanın sədri Tural Abbaslı  Vaaqn Xaçatryanın və Nikol Paşinyanın bu açıqlamlarını “Sherg.az” a  şərh edib. O bildirib ki, Ermənistan faktiki olaraq Azərbaycanın yekun sülhlə bağlı şərtləri ilə razılaşmayıb:

“Amma ümumi sülh müqaviləsində nəzərdə tutulacaq şərtlərin qeyri-rəsmi şəkildə razılaşdırılması elə sülh deməkdir. Bu məsələnin üzərində çox da dayanmaq lazım deyil. Sülh müqaviləsi Ermənistanın daxili vəziyyətini gərginləşdirəcək bir sənəddir”. 

T.Abbaslının fikrincə, Ermənistan rəsmilərinin belə açıqlamaları o demək deyil ki, ermənilər “böyük Ermənistan” xülyasından əl çəkiblər:

“Onlar bundan sonra gizli şəkildə Azərbaycan ərazilərinə iddialarını saxlayacaqlar. İndi onların həm maddi, həm də hərbi cəhətdən buna gücləri çatmır. Digər tərəfdən beynəlxalq aləmdə mövqelərinin zəifləməməsi üçün özlərini “sülhpərvər” kimi göstərirlər”. 

Ağ Partiya sədrinin sözlərinə görə, tərəflər arasında sülh müqaviləsi olsa da, ermənilər  özlərini güclü hesab etdikləri ilk andaca yenə özlərinin təcavüzkar  simalarını ortaya qoyacaqlar”.