Ərdoğan: “İki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərimizə düşəni etməyə hazırıq”

Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə Türkiyə və Ukrayna arasında Yüksək Səviyyəli Strateji Şuranın onuncu toplantısında iştirak etmək üçün Kiyevə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Naməlum Əsgər abidəsinə əklil qoyduqdan sonra Marinski Sarayına gedib.

Burada dövlət başçısı rəsmi qarşılanma mərasimindən sonra ukraynalı əmkarı Zelenski ilə görüşüb. Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan görüşdən əvvəl “Şərəf kitabı”na ​​imza atıblar.


İki liderin təkbətək görüşü təxminən 3 saat 10 dəqiqə davam edib. Bu görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Daha sonra rəsmi sənədlərin imzalanması mərasimi baş tutub.

Mərasimin ardından təşkil olunan mətbuat konfransında Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini bəyan edib. O, ölkələr arasındakı ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılmasını hədəflədiklərini və məqsədə çatmaq üçün bu gün imzalanan Azad Ticarət Zonası haqqında sazişin mühüm əhəmiyyət daşıdığını bildirib.

Türkiyə prezidenti, həmçinin Ukrayna ilə Rusiya arasındakı gərginliyə də toxunub.

O, Türkiyənin Qara dənizdə qonşusu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski isə müharibənin sona çatması yolunda Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təşəbbüsünə görə prezident Ərdoğana təşəkkür edib. Dövlət başçısı bu gün imzalanan müqavilə ilə Ukraynada PUA-ların istehsalının genişləndiriləcəyini diqqətə çatdırıb.

Mənbə: “Anadolu”