“Şuşa Bəyannaməsi”nin fəlsəfəsi açıldı:“Ərazimizdə sülhməramlılar yerləşibsə, demək...”

““Şuşa Bəyannaməsi” də  ərazi bütövlüyünü bərpa etmiş güclü Azərbaycanın təhlükəsizliyini təmin edən sənəd kimi qiymətləndirilməlidir”

“Ürəyimiz Türkiyə ilə birlikdə döyünür. Bu da ona dəlalət edir ki, ürəyimizi alacaqlarsa,  Türkiyənin də ürəyini qoparacaqlar. Ancaq heç kim bunu almaq iqtidarında, gücündə deyil”


Fevralın 1-də  “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi Türkiyə parlamentinə daxil olub.
Fevralın 4-də isə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası  iclas keçirib. Belə ki, Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini ratifikasiya edib. 

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsinin lehinə 266 deputat səs verib.

Yada salaq ki, fevralın 1-də Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib. 

Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyannamənin ratifikasiyası bağlı "Sherg.az"a danışıb.  O qeyd edib ki, sözügedən bəyannamə Azərbaycan Türkiyə münasibətlərini yeni müstəviyə yüksəldib:

““Şuşa Bəyannaməsi”nin parlamentə təqdimatını  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi şəxsən özüm təqdim etdiyimə görə fəxr edirəm. Komitədə müzakirə olunub, yekdilliklə tövsiyə olunub. Parlamentin plenar iclasında fikir mübadiləsi aparılanda Bəyannamənin hər  bir Azərbaycan vətəndaşının ürəyinin bir parçasına çevrildiyini vurğuladım. Şuşada imzalanmış tarixi sənədi ürəyimizlə bir yerdə ala bilərlər. Bizim ürəyimiz Türkiyə ilə birlikdə döyünür. Bu da ona dəlalət edir ki, ürəyimizi alacaqlarsa, Türkiyənin də ürəyini qoparacaqlar. Ancaq heç kim bunu almaq iqtidarında, gücündə deyil. Bəyannamənin təsdiqini tapmasında söhbət təkcə müttəfiqlik əlaqələrindən getmir. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə bir-birinin qüdrətini, nüfuzunu möhkəmləndirir. Bu sənəd bizə əngəl törətmək, təhdidləri gündəmə gətirmək niyyətində olan qüvvələrə ən tutarlı cavabdır".

Millət vəkili diqqətə çatdırıb ki, “Şuşa Bəyannaməsi” Azərbaycan tarixində müstəsna yer tutan sənəddir: 

"Təsadüfi deyil ki, bu sənəd “Qars müqaviləsi” ilə yanaşı tutulur. Vaxtilə Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyini təmin edən sənəd kimi imzalanmışdısa, “Şuşa Bəyannaməsi” də  ərazi bütövlüyünü bərpa etmiş güclü Azərbaycanın təhlükəsizliyini təmin edən sənəd kimi qiymətləndirilməlidir. 

“Şuşa Bəyannaməsi”nin imzalanması öz həllini yaxın gələcəkdə tapacaq məsələlərə ciddi təsir göstərəcək. Torpaqlarımızı azad etmişik, lakin ərazimizdə sülhməramlılar yerləşibsə, demək, o bizim qoşun deyil. Biz onların işi ilə bağlı təhlillər aparırıq. Bu gün sülhməramlıların həmin ərazilərdə yerləşməsi milli maraqlarımıza  uyğundur. 

Ancaq  həyat davam edir. Mənfi istiqamətdə cərəyan etmə ehtimalı olan məsələyə tutarlı cavab “Şuşa Bəyannaməsi”dir. Bəyannamə Türk dünyasını birləşdirir. XXI əsr Türk dünyasının əsridir.  Azərbaycan və Türkiyə daha da yaxınlaşarsa, başqa ölkələr bu prosesə qatıldığı təqdirdə yalnız uda bilər. Bu, bizə  vaxtilə düşmən mövqeyində dayanan, indi də revanşist fikirləri ilə təhlükə ehtiva edən Ermənistana da aiddir.  Azərbaycan, Türkiyə və Ermənistanın əlaqələr qurmasında maraqlıyıq. 

“Şuşa Bəyannaməsi”ni Azərbaycan qarşı destruktiv mövqe sərgiləyən, revanşist fəlsəfədən əl çəkməyən qüvvələrə qarşı ən təsirli “dərman”dır.