"Mütləq Azərbaycan-Gürcüstan müştərək universiteti yaradılmalıdır"

Aygül İsayeva: "Bununla Azərbaycan məktəblərində kadr çatışmamazlığı problemi həllini tapacaq"

"İkinci təklifimiz odur ki, Gürcüstanda yaşayan azərbaycanlılar 1+4 proqramı ilə sadələşdirilmiş yolla universitetə qəbul edilsinlər"

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfəri çərçivəsində azərbaycanlı icma ilə, ziyalılar, müəllimlər, QHT rəhbərləri də görüşüb. Gürcüstanda yaşayan iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva görüşdə təhsil sahəsindəki problem və səsləndirilən təkliflər barədə “Şərq”ə danışdı:  
- Təhsil sahəsində kifayət qədər problemlər var, orta məktəblərdə yaşanan problemlər zəncirvari olaraq universitetdə də özünü büruzə verir. Ona görə də düşünürəm ki, orta məktəblərdə, ictimai məktəblərimizdə keyfiyyətli təhsilə nail olmaq ali təhsil ocaqlarında yaşanan problemlərin də həll edilməsində mühüm rol oynayacaq.  Gürcüstanda Azərbaycandilli məktəblərdə kifayət qədər problemlər yaşanır, ancaq ən başlıca problem kadr çatışmamazlığı ilə bağlıdır. Hər il  Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalmaq üzrədir. 1989-cü ildə Gürcüstanda 183 Azərbaycan məktəbi var idi, 2019-cu ildə bu say 120-yə qədər azaldıldı, hazırda isə 116 Azərbaycan məktəbi fəaliyyət göstərir.   Bu məktəblərdən də 80-i Azərbaycan, yerdə qalanlar isə qarışıq, sektor məktəblərdir (azərbaycan/gürcü, azərbaycan/rus və s.). Hətta Azərbaycan məktəblərinin nəzdində yaradılan gürcü sektoru olan məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənninin keçirilməsi rəsmi qadağan edilməsə də buna bənzər hal yaşanır, çünki tədris edilmir və tədrisin aparılması üçün şərait yaradılmır, həmçinin təbliğatı aparılmır. Təhsil ilə bağlı qanunvericiliyə əsasən Azərbaycan məktəblərinin nəzdində fəaliyyət göstərən gürcü bölməsində və ya gürcü məktəblərində təhsil alan azərbaycanlıların istəyi minimum 10 nəfərdən ibarət qrup formalaşdığı təqdirdə Azərbaycan dili fənni tədris edilə bilər. Ancaq Azərbaycan məktəblərində Azərbaycan dili üzrə kadrlar çatışmır, belə olan halda gürcü məktəblərində/gürcü dilli bölmələrdə bu fənnin tədrisi ilə bağlı söhbət belə gedə bilməz.

- Məktəblərin bağlanmasına əsas səbəb kimi kadr çatışmazlığı göstərilir?

- Bir sıra səbəbləri var, ancaq əsas səbəb, bəli, kadr çatışmamazlığıdır.  Bu gün Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər hazırlayan fakültə yoxdur. Əvvəllər Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Sonralar Azərbaycan bölməsi bağlandı.  Ancaq problem təkcə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmamazlığı ilə bağlı deyil. Digər fənləri - riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. tədris edən Azərbaycan dilli müəllimlər də çatışmır. Bir çox müəllimlər öz ixtisası üzrə dərs demir. Kadr çatışmazlığı hazırda təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılması ilə daha da kəskin hiss olunur. 2020-ci ildə qeyri-gürcü məktəblərdə 1450 nəfər müəllim sistemi tərk etdi və məktəblərə cəmi 250 yeni işçi qəbul edildi. Onların əksəriyyətinin müəllim ixtisası yoxdur. 

Gürcüstan Təhsil Nazirliyi qeyri-gürcü məktəblərində Avropa Şurasının təzyiqi ilə, təkrar edirəm, məhz təzyiqi ilə islahatlar keçirir. Bilinqual, yəni ikidilli təhsil sisteminin tətbiqinə artıq təkcə orta məktəblərdə deyil, uşaq bağçalarından başlanıbdır. Amma əsas problem bundan ibarətdir ki, Gürcüstan ikidilli kadrlar yetişdirmir, milli kadrlarımız demək olar ki, yoxdur. Məktəblərdə kadr çatışmazlığını, ikidilli kadrların (Azərbaycan və gürcü dilli) yetişdirilməsi üçün isə Azərbaycan-Gürcüstan müştərək universitetinin yaradılmasını təklif edirik. Qeyd edim ki, biz azərbaycanlıların öz ana dilimizdə, Azərbaycan dilində təhsil almaq hüquqlarımız Gürcüstan təhsil qanunvericiliyi ilə qorunur. Gürcüstan Avropa Şurası qarşısında götürdüyü öhdəlik əsasında da bizim ana dilimizdə təhsil almaq hüquqlarımızın qorunmasına boyun olubdur. Gürcüstan Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalamaqla orta məktəblərdə ana dilində təhsilin yaşadılması ilə bağlı öhdəlik götürüb. Sənəddə təkcə orta məktəblərdə deyil, universitetdə də etnik azlıqların dilində təhsilin əldə edilməsi üçün şəraitin yaradılması nəzərdə tutulur. 

- Dediyiniz müştərək universitetin üstünlüyü nə olacaq?   

- Azərbaycan-Gürcüstan müştərək universiteti yaransa Azərbaycan məktəblərində kadr çatışmamazlığı problemi həllini tapacaq. Bu universiteti yaratmaqda məqsəd məhz ikidilli kadrların yetişməsinə təkan olmaqdır. Tələbələr üçün Azərbaycan dili ilə yanaşı gürcü dilini 1-ci kursdan universiteti bitirənə kimi öyrənmək məcburi olacaqdır.  Universitet həm də daha böyük imkanlar deməkdir. Bu gün Azərbaycan dilli media, jurnalistika, mətbuat, teatr, milli rəqs elə də ürəkaçan vəziyyətdə deyil. Universitet yarandığı təqdirdə bu sahələrin də inkişaf etməsi üçün şərait yaranacaq. 2019-cu ildə Tbilisidə Azərbaycan-Gürcüstan müştərək universitetin yaradılması ilə bağlı imzatoplama aksiyasına başladıq (Bunu xatırlayırıq – M.R.). Bütün Gürcüstan azərbaycanlıları tərəfindən, müəllimlər, valideynlər, şagirdlər tərəfindən, 7-dən 77-yə hər kəs bu işi dəstəklədi. 2020-ci ildə müraciət və 3000-dən çox imzanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya ünvanladıq.  Bilirəm ki, Gürcüstanda hansısa universitet nəzdində fakültənin açılması ilə bağlı danışıqlar gedir. 2019-cu ildə universitetin yaradılması ilə bağlı aksiya böyük səs-küyə səbəb olmuşdu. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin nümayəndələri tərəfindən bu məsələ ilə bağlı nazirliyə çağrılmışdım. Nazirliyin verdiyi məlumata əsasən Gürcüstanda dövlət universiteti nəzdində Azərbaycan dili və Ədəbiyyat müəllimləri hazırlayan bir departamentin yaradılmasının nəzərdə tutulduğunu dedilər. Daha sonra hörmətli səfir Faiq Quliyevin Cavaxişvili adına Tbilisi Dövlət Universitetində universitetin rektoru ilə görüşü oldu və fakültənin yaradılması ilə bağlı müzakirələr aparıldı. Keçən il dekabr ayında Maarif təşkilatının sədri Ələddin Qarabağlı ilə Gürcüstanın Təhsil Nazirliyində görüşümüz oldu. Nazirlik nümayəndələri də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlanması ilə bağlı bir bölmənin açılmasından danışdılar. Təqdirəlayiqdir, ancaq bu, məsələni köklü həll etmir. Əvvəla düşünürəm ki, fakültə deyil, Humanitar Elmlər və ya Xarici dillər fakültəsinin nəzdində balaca bir departament yaradılacaq və ya bu ixtisas üzrə proqram işlənib hazırlanacaq. Bu isə ikidilli kadrların yetişməsi demək deyil, yalnız bir problemin həll edilməsidir. Əvvəllər Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetində Azərbaycan bölməsi var idi.  Hazırda İlya Çavçavadze adına Universitet adlanır və həmin bölmə bir müddət bu universitet nəzdində də fəaliyyət göstərdi. Biz ehtiyatlanırıq ki, vaxtilə mövcud  olan Azərbaycan bölməsi müəyyən bəhanələrlə necə bağlandısa, yeni yaradılacaq bölmənin də aqibəti 5-10 ildən sonra eyni olacaq. Universitet isə daha çox imkanlar və müstəqillik deməkdir. Universitet olsa müstəqillik olar,  təbliğat strategiyasını da özü həyata keçirər, üstəlik abituriyentlərin müəllim olmaq üçün cəlb edilməsində Azərbaycandilli məktəblər də yaxından iştirak edər. 
 - Siz nazirə konkret təkliflər təqdim etdiniz? 
- Bəli. Birincisi, ikidilli kadrlar (Azərbaycan və gürcü) hazırlayan Azərbaycan-Gürcüstan müştərək universitetin təsis edilməsi. İkinci, Gürcüstanda yaşayan azərbaycanlılar 1+4 proqramı ilə sadələşdirilmiş yolla universitetə qəbul edilsinlər. Testlərin hazırlanmasında AR Təhsil Nazirliyinin yaxından dəstəyi olsun. Gürcüstanda məktəblərdə attesstat imtahanları ləğv edilib. Bunun nəticəsidir ki, Azərbaycan dili və Ədəbiyyat fənni gənclərin ən az maraq göstərdiyi fənlərdən birinə çevrilib. Buna görə də universitetə qəbul imtahanlarına “Məntiq və Riyaziyyat” fənni ilə yanaşı Azərbaycan dili və ədəbiyyat fənninin də daxil edilməsini təklif edirəm. Bu təkliflə bağlı müraciətimizi 2020-ci ildə Gürcüstanın baş nazirinə də ünvanlamışdıq. Üçüncüsü, Gürcüstanda Azərbaycandilli məktəblər üçün çap edilən Azərbaycan dilində olan kitabların redaktəsində AR Təhsil Nazirliyinin dəstəyi vacibdir. Çünki dərsliklərdə kifayət qədər Azərbaycan dili ilə bağlı qüsurlar var.  Dördüncüsü, AR Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan verəcək müəllimlərə təmənnasız onlayn treninqlər təşkil etsin. Gürcüstanda uzun müddətdir ki, təkcə Azərbaycan dili və ədəbiyyat müəllimləri baş müəllim statusu almaq üçün ixtisasları ilə bağlı imtahanlarda iştirak edə bilmirdilər. Artıq bu ildən etibarən bu mümkün oldu. Proqram və testlərin hazırlanmasında AR Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi iştirak etdi. Ancaq Gürcüstanda fəaliyyət göstərən bir sıra Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahanlara hazırlaşmaqla bağlı çətinliklərlə üzləşiblər. AR Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən bizim müəllimlər üçün onlayn formada təmənnasız olaraq treninqlərin təşkil edilməsini təklif edirəm.  Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün proqram baş müəllim statusu almaq üçün hazırlanıb. Aparıcı və mentor müəllimlər üçün də testlərin, proqramların hazırlanmasında AR Təhsil Nazirliyinin köməyinə ehtiyac olacaq. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin səlahiyyətinə aid olmasa da, ümumi məlumatı olması üçün görkəmli şəxsiyyətlərimizin, ziyalılarımızın adlarının Azərbaycan məktəblərinə verilməsi ilə bağlı problemi də səsləndirməyi düşündüm. Tbilisidə yerləşən 73 saylı Azərbaycan məktəbi ancaq barelyefdə M.F.Axundovun adını daşıyır. Ancaq rəsmi sənədlərdə 73 saylı məktəb gedir. Marneulinin Qızılhacılı kəndində yerləşən məktəb 1970-ci ildən Nərimanovun adını daşıyıb. 2000-ci illərin əvvəllərində Nərimanovun adı məktəbdən götürülüb. Onun adının bərpa edilməsində problemlər yaşayırıq. 2019-cu ildə bununla bağlı Marneuli bələdiyyəsinə müraciət etmişdik, imzalar toplamışdıq. Bələdiyyədən bu məsələ ilə bağlı komissiya yaradılıb işə baxılacağı ilə bağlı standart cavab aldıq. Ancaq bu günə qədər komissiya heç bir əməli addım atmayıb.

- Dərslik problemi nə yerdədir?

- Azərbaycan dili və ədəbiyyatı dərsliklərini nazirlik hər il göndərir. 

- Təhsil naziri səsləndirdiyiniz problemlər, təkliflər barədə nə dedi? 

- Cənab nazirin Gürcüstanın təhsil naziri ilə görüşü olacaq, bizim qaldırdığımız məsələlərlə bağlı Gürcüstanın Təhsil Nazirliyində müzakirələr aparılacaq. AR Təhsil Nazirliyinin səlahiyyətləri imkan verən məsələlərdə dəstək olacaq.