Rusiyalı oliqarxlar varidatlarını daşıyır


Villa, yaxtalar və lüks avtomobillərə “əl qoyulur”

   Fransanın İqtisadiyyat naziri Bruno Le Marie Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların rusiyalı iş adamlarına da mənfi təsir göstərəcəyini, oliqarxlara məxsus varidata dövlətin əl qoyacağını açıqlayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, bəzi oliqarxlar var-dövlətlərini başqa ölkələrə daşıyır artıq. Fransanın cənubundakı Cote d.Azur bölgəsinin zəngin rusların əsas səyahət məkanı olduğu nəzərə alınarsa, məlum qərardan bir çoxlarının təsirlənəcəyi aydın görünür. 

“Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin  Fransa hökuməti qərarını açıqlamazdan öncə “Boeing” təyyarəsi ilə Niceni tərk etdiyi deyilir. 

Fransanın məşhur kurort zonalarında - Saint-Jean-Cap-Ferratda rusiyalı başqa bir milyonçu Arkadi Rotenbergin villası, Rusiya Prezidenti V.Putinə yaxınlığı ilə tanınan Gennadi Timçenkonun da həftə sonlarını keçirmək üçün tez-tez səfər etdiyi Lavandouda  villası var. “L. Obs” dərgisi isə yazır ki, G.Timçenko həyat yoldaşına Cap Negredə 5 “ulduzlu” otel hədiyyə edib. Rus oliqarxların Kannda, San-Tropez, Antibesdə yaxtaları vardır. Təkcə Abramoviçin 162 metrəlik yaxtası 2013-cü ildən Antibesdədir.  Avropa Birliyinin sanksiyaları səbəbindən bir çox nəhəng şirkətlər – HSBC, BP, Shell və digər qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırıb. “Boeing”  Rusiya tərəfdaşları ilə əlaqələri kəsib. “Apple” də bütün satışları dayandırıb. “SberBank” da Avropa bazarından çıxıb. Putin isə ölkədən 10 min dollardan artıq nağd pul çıxarılmasını yasaqlayıb.