Fransa Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl bir neçə gündür Ermənistana səfər edib.Fransalı diplomat Ermənistan rəsmiləri ilə artıq bir sıra görüşlər keçirib. Yayılan məlumatlarda B.Rokfeylin Ermənistana həmsədr qismində deyil, Fransa XİN-in Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndə kimi səfər etdiyi bildirilib.ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Dövlət Departamentindən alınan təlimat əsasında, ABŞ-ın Qafqazdakı danışıqlar üzrə baş müşaviri Endryu Şoferi də Ermənistana yollanıb. Məlumata görə, amerikalı siyasətçinin səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Qərbin bundan sonrakı rolunun hansı səviyyədə olacağını müəyyən etmək üçün kəşfiyyat xarakteri daşıyır.
Diplomatların ardıcıl rəsmi İrəvana "sülh səfəri" nəzərdən qaçmır. Maraqlıdır, niyə?
2020-ci ilin 12 dekabrında İlham Əliyev ATƏT-in Minsk qrupunun ( MQ ) Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən onların fəaliyyətlərinə dair açıqlama verib:
"Minsk qrupu ( MQ ) münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll edib"- deyə İlham Əliyev görüşdə vurğulayıb.Prezidentin fikirlərinə əsasən demək olar ki, Minsk qrupu "sönmüş ocaqdır".
Belə olan halda amerika və fransalı həmsədrlərin İrəvan səfəri nəyə hesablanıb?
"Sherg.az"ın suallarını cavablandıran politoloq Nurlan Qələndərli bildirib ki, Avrasiyada mühüm geosiyasi proseslər gerçəkləşir, regional və beynəlxalq təhlükəsizlik müstəvisində ciddi dəyişikliklər baş verir:
"Dünyanın nəzəri Şərqi Avropadakı müharibədə olsa da, Cənubi Qafqazdakı situasiya – postmüharibə reallıqları da diqqət mərkəzindədir. Çünki bölgədə Azərbaycanın strateji fəaliyyəti sayəsində yeni nizam yaranır. Xüsusilə də, aprelin 6-da Avropanın siyasi paytaxtında – Brüsseldə baş tutmuş üçtərəfli danışıqlardan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi aktiv fazaya qədəm qoyub. Bu istiqamətdə həm Azərbaycan, həm də Ermənistanla diplomatik təmaslar davam edir.”.
Politoloqun sözlərinə görə, Bris Rokfoyun ardınca Endryu Şoferin də Ermənistana səfəri aşağıdakı aspektdən dəyərləndirilməlidir:
“Təmasların, danışıqların Brüssel sülh gündəliyi əsasında davamı təqdirəlayiq qiymətləndirilir. Ümumiyyətlə, Brüssel görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə strateji məqamdır. Prosesin Bakının əvvəldən söylədiyi yanaşmasına və mövqeyinə uyğunluğunu təsdiqləyir. Qarşıdakı dövrdə sözügedən istiqamətdə diplomatik trafikin intensivləşəcəyini, müəyyən addımların atılacağını görəcəyik. Regionda yeni geosiyasi nizam yaranır”.
N.Qələndərli sonda Ermənistan mediası səfər zamanı tarixin arxivinə qovuşmuş – siyasi gündəmdən çıxmış ATƏT-in Minsk qrupunun “fəaliyyət”ini aktuallaşdırmağa çalışdığını vurğulayıb:
“Bris Rokfoy və Endryu Şoferin İrəvana səfəri daha bir maraqlı məqamı özündə ehtiva edir. ATƏT-in Minsk qrupunun siyasi vəfatının təsdiqlənməsi məsələsidir. Ona görə də , Endryu Şoferi ilk növbədə qurumun amerikalı həmsədri kimi təqdiminə cəhd göstərdi. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “twitter” paylaşımında isə Endryu Şofer həmsədr kimi deyil, məhz Qafqazda danışıqlar üzrə baş müşavir kimi diqqətə çatdırıldı. Endryu Şoferdən əvvəl fransız diplomat Bris Rokfey Ermənistana getmişdi. O, İrəvana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi gəlmişdi.
ATƏT-in Minsk qrupunun sıradan çıxmasının ifadəsidir. Moskva İqor Xovayevi Rusiya XİN-in Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndəsi seçib. Deməli, həmsədr dövlətlər ATƏT-in Minsk qrupunun üstündən xətt çəkildiyini bildirirlər.
Bir sözlə, post müharibə dövrünün prosesləri Azərbaycanın geosiyasi iradəsinə və strateji mövqeyinə uyğun irəliləyir”.