Paşinyandan növbəti blef! – Daxili etirazlar öz oyunudur, çünki Vanetsyan...

Ermənistanda daxili siyasi gərginlik hökm sürür. Bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Antalya diplomatiya Forumunda açıqladığı və rəsmən Ermənistana baza prinsiplərini verib. Ermənistanın siyasi hakimiyyəti sanki bununla razılaşmaq niyyətindədir. Lakin prosesin həllinə qarşı çıxan müəyyən qüvvələr var. Belə ki, İrəvanda bazar günündən bəri fasiləsiz aksiya davam edir. Aksiyanın təşəbbüsçüsü Vətən Partiyası və Ermənistan Milli Məclisinin iki müxalif fraksiyasından biri - Pativ Unem (Təzim Edirəm) - fraksiyasının rəhbəri Artur Vanetsyandır. Vanetsyan Ermənistan vətəndaşları, erməni xalqını, onun təbirincə, baş nazir Nikol Paşinyanın "Qarabağ məsələsində birtərəfli güzəştlər siyasətinə" qarşı mübarizəyə qalxmağa çağırır.

Halbuki Azərbaycanın irəli sürdüyü prinsiplər beynəlxalaq hüquqa əsaslanır.

Xatırladaq ki, qarşı tərəfə verilən 5 baza prinsip aşağıdakılardır:

•Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
•Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
•Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
•Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
•Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

İrəvanda gedən prosesləri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Ermənistan tərəfi hakimiyyət olaraq bir neçə versiyada prosesləri yönləndirir:

"Vanetsyan kimi şəxslərin əksəriyyəti Paşinyanın komandasında təmsilçi olub. Onların səmimiyyətinə inanmaq mümkünsüzdür. Vanetsyanla Paşinyan arasında kritik fikir ayrılığı nəyin üzərindədir?! Bu cür məsələlər daha çox  blefə bənzəyir. Müxalifət simasında Vanetsyan kimilərin cəmlənməsi heç də Paşinyanın 5 baza prinsipini qəbullandığını, onun əsasında sülh müqaviləsinə imza atmasını təhdid edən məfhum deyil. 

İrəvanda aksiyaların təşkilində Ermənistan hakimiyyətinin ciddi maraqları mövcuddur. 

 Həm Qarabağa görə güzəştlər, həm sərhədlərin müəyyənləşməsi, həm də sülh müqaviləsinin imzalanmasına yönəlik ictimai rəydəki basqıları bu vasitə ilə qarşısını almağa çalışır. Preventiv davranır. Paşinyan xalqı ələ almağa kifayət qədər yaxındır, imkanı var. Etirazçıların sayı onun hakimiyyətini sarsıdacaq qədər çox deyil.

 Dövlətlərin ərazi bütövlüyünün təmini əsas prinsipdir.  BMT - nin 6 prinsipindən birini təşkil edir.  Buraya Azərbaycanın beynəlxalq əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə,  təhdidlər, başqa dövlətin ərazisinə iddialar kimi məsələlər aiddir. Bunların hamısı beynəlxalq normalardır".