Zaqafqaziya üzrə “3+3” ( Ermənistan, Gürcüstan, Azərbaycan + Rusiya İran Türkiyə ) platformasının ikinci iclasına hazırlıq işləri gedir.
“3+3” üzrə prioritet istiqamətlər kimi ticarət, energetika, sənaye, innovasiya texnologiyaları, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. "3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası – özəyi Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır.
Rəsmi Tbilisi Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında təmsilçiliyini qəbuledilməz sayır. Rusiya XİN isə bildirir ki, tərəflərin razılığı ilə Gürcüstan üçün “qapılar” açıqdır.
Belə bir dönəmdə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixində Azərbaycana rəsmi səfərə yollanacaq. İ.Darçiaşvili səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə aparılacaq.
"3+3 formatı" istiqamətində fəaliyyətin aktiv fazaya keçməsi fonunda Gürcüstan XİN-in Azərbaycana səfəri nəyə hesablanıb?
"Sherg.az"ın sualını cavablandıran politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Gürcüstan XİN Azərbaycana səfəri iki dövlət arasında bir neçə istiqamətdə müəyyən məsələləri həllinə qovuşdurmaqdan ibarətdir:
"Xüsusilə, sərhədlərin müəyyənləşməsi məsələsi gündəmdədir. Həmçinin Rusiya Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda yeni geosiyasi proseslər canlanır. Qarabağ müharibəsindən sonra üçtərəfli format, altılıq platforması nəzərdə tutulub.
Gürcüstanın atacağı addımlara nəzər salınacaq, sənədlərin imzalanması da istisna deyil. Gürcüstan XİN-in ölkəmizə ilk səfəridir. Gürcüstan XİN-i üçün tanışlıq səfəri adlandırmaq mümkündür. Tərəflər arasındakı imzalanan müqavilələrə baxılandan sonra icra mexanizmlərindən danışılacaq.
Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının "Qafqaz Qartalı" adı altında yeni hərbi təlimləri başlayacaq. Sözügedən mövzudan söz açılacaq. Üçtərəfli əməkdaşlığın inkişafı yönündə hərbi, strateji əlaqələrin inkişafı da müzakirə predmetidir.
Gürcüstanda yaşayan soydaşlarımızla bağlı müəyyən məsələlər var ki, Azərbaycanı narahat edir. Əsas iqtisadi, siyasi, hərbi əlaqlərin inkişafı diqqət mərkəzindədir. Türkiyə də aktiv şəkildə Gürcüstana dəstək verir. Proseslər fonunda üçtərəfli əməkdaşlığın yeni mərhələyə keçməsi planlaşdırılır".