“Rusiya ilə əlaqəli qüvvələr Paşinyanı devirə bilər. Lakin Rusiyanın hazırki vəziyyəti də məlumdur”
“Ona görə proseslərin hansısa formada cərəyanı gözlənilmir”
“Qərb meyilli qüvvələr aktivdir. Paşinyana erməni lobbisi də dəstək verir. Paşinyan mitinqləri yatıracaq, normallaşma başlayacaq"
Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyaları səngimir. Nümayişlərdə baş nazir Nikol Paşinyanın və hakimiyyətin əleyhinə şüarlar səsləndirilir. Regiondakı reallıq dəyişsə də, Koçaryanlar, Sarqsyanlar, Vanesyanlar dəyişməyib. Ekspertlərin analizlərinə əsasən, ölkənin siyasi müxalifəti sayılan keçmiş prezidentlər, onların təmsil etdikləri qüvvə və xaricdəki havadarları çoxdan ifşa olunmuş, sıradan çıxmış, köhnə mürtəce texnologiya ilə Ermənistanda hakimiyyət dəyişikliyi etməyə cəhd göstərirlər.
Ermənistanın gələcəyi isə sual altındadır.
Mövcud duruma dair fikirlərini "Sherg.az"la bölüşən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun qənaətincə , Paşinyanı satqın adlandıranların sayı ümumi erməni cəmiyyətinin sayından qat-qat azdır:
"Paşinyana qarşı çıxan qüvvələr, xüsusilə “Qarabağ klanı”nın təmsilçiləri olan revanşistlərdir. Onlar Azərbaycan və Ermənistan arasında münasibətinlərin normallaşmasını istəmir. Hətta yenidən işğalla bağlı sərsəm iddialar səsləndirirlər. Erməni cəmiyyəti Azərbaycanla münasibətlər normallaşmadığı təqdirdə ölkələrinin gələcəyinin olmadığını başa düşürlər. Təyziqlərə baxmayaraq, Paşinyanın danışıqlar prosesini irəlilətməsi təqdiralayiqdir. Hər halda qarşıda müəyyən çətinliklər var, amma öhdəsindən gəlinəcək.
Paşinyana satqın deyənlər Rusiyadakı bəzi dairələrə bağlı qüvvələrdir. Onlar bütün gücləri ilə sülhün gedişatına əngəl törətməyə çalışırlar. Artıq Ermənistandakı bir qrup ziyalı Paşinyana müraciət ünvanlayıb. Azərbaycan və Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasına görə çağırış ediblər. Ermənistan tərəfi əlaqələrin normallaşmasının qəbuluna başlayıb. Proses ardıcıl şəkildə irəliləyəcək".
S.Hümbətovun fikirlərinə görə, aksiyaların paytaxt İrəvanda baş verməsi göstərir ki, bunlar lokal xarakterli mitinqlərdir:
"Paşinyan fürsət gözləyir. İlk fürsətdə etirazçıları sıradan çıxaracaq. Ermənistanın daxilində sabitliyin pozulacağını düşünmürəm. Paşinyanı devirməkləri də real görünmür. Rusiya ilə əlaqəli qüvvələr Paşinyanı devirə bilər. Lakin Rusiyanın hazırki vəziyyəti də məlumdur. Ona görə proseslərin hansısa formada cərəyanı gözlənilmir. Qərb meyilli qüvvələr aktivdir. Paşinyana erməni lobbisi də dəstək verir. Paşinyan mitinqləri yatıracaq, normallaşma başlayacaq. Sülh danışıqlarını isə istəsə də, istməsə də davam etdirəcək".