Azərbaycan bütün ssenarilərə hazırdır! – “Rəsmi Bakı istədiklərini alacaq”

“Ölkəmizin kəşfiyyat-texniki imkanları, siyasi-diplomatik həmlələri, hərbi qüdrəti genişdir və İrəvan üzərində qalıcı hal alıb"


2022-ci ilin fevral ayında Azərbaycan növbəti addım kimi, 5 baza prinsipini Ermənistana təqdim edib. Brüssel görüşündə Ermənistan Azərbaycanın verdiyi 5 baza prinsipinin məqbul olması ilə bağlı fikir səsləndirib. Lakin sonradan rəsmi İrəvanın Azərbaycanın 5 təklifinə qarşı 6 təklifi barədə xəbərlər yayılıb.
Xarici İşlər naziri Ceyhun Bayramov  bu barədə açıqlama verib. Nazirin sözlərinə görə, maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb:

“Sənədə baxarkən görünür,  təkliflər adlandırıla bilməz. Həmin sənəd təqdim olunan zaman da Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq mümkündür”.

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Aqşin Kərimovun fikirlərinə görə, Azərbaycanın formalaşdırdığı sülh gündəliyində anklavlar məsələsi də ortaya qoyulub və bu, Bakının qazandığı müstəsna üstünlüklərin göstəricisidir:

"İndi Ermənistan hakimiyyəti qarşısında erməni xalqını sülhə hazırlamasının növbəti mərhələsi çağırış kimi dayanır. 
Hərçənd, Ermənistandakı radikal qüvvələr belə  istəmir və qurulan oyunda erməni xalqının duyğularını istismar edərək hakimiyyətə gəlməyə çalışırlar. Onlar iqtidar kürsüsünə yiyələnsə də,  sülhün bərqərar olması prosesinin qarşısına keçə bilməyəcək. Sülh  ya güc, ya da hərb yolu ilə reallaşacaq.

Ermənistanda marginal qrupların hakimiyyətə gəlmək ehtimalı azdır, lakin Azərbaycan bütün ssenarilərə hazırdır. 
Paşinyan iqtidara “əlvida” desə də, yeni hakimiyyət ölkəmizin formalaşdırdığı sülh gündəliyi ilə barışacaq. Ən pis halda onlar görüntü naminə bəzi hərbi təxribatlar törədə bilərlər, sonra isə hər şeyi Paşinyanın boynuna ataraq vəziyyəti qəbul edəcəklər. 

Ssenari üzərindən ona görə danışırıq ki, Ermənistanda siyasi vəziyyət necə olursa-olsun, Azərbaycan istədiklərini alacaq.  Bakının kəşfiyyat-texniki imkanları, siyasi-diplomatik həmlələri, hərbi qüdrəti genişdir və İrəvan üzərində qalıcı hal alıb".