"Təklif etdim ki, partiya sədrləri dövlət tədbirlərinə dəvət edilsin"

Arzuxan Əlizadə: "Siyasi dialoq ölkədə demokratikləşməyə və yeni açılıma töhfə verə biləcək davranışdır"

Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşləri 2 ildir davamlı şəkildə təşkil olunur. Növbəti görüş ötən gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə ilə keçirilib. Görüşdə şöbə müdiri Ədalət Vəliyev dünyada cərəyan edən geosiyasi proseslərin ölkədə siyasi həmrəylik mühitinin qorunmasını şərtləndirdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, bilavasitə milli maraqlara cavab verən məsələlərdə siyasi partiyalarla əməkdaşlıq ölkədə reallaşan siyasi dialoqun prioritet istiqamətlərindən biridir. 

Bəyan edilib ki, Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə siyasi partiyaların bütün potensialları səfərbər olunmalıdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli İstiqlal Partiyasının geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edən şöbə müdiri bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mövcud əlaqələrdən səmərəli şəkildə istifadə olunmalıdır. Görüşdə digər məsələlərlə yanaşı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaradılmış yeni reallıq mövzusu da geniş müzakirə olunub. Vurğulanıb ki, dayanıqlı inkişaf naminə iqtidar-müxalifət münasibətlərinin məhz konstruktiv əməkdaşlıq formatında inkişaf olunması üçün qarşılıqlı səylər artırılmalıdır. 

Görüşlə bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirib. Partiya sədri bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olduğunu bildirib. O, ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyini qeyd edib: 

“2019-cu ilədək Prezident Administrasiyasındakı siyasətlə bağlı müvafiq şöbə demək olar ki, partiyalarla işləməyib. Amma Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə yaradıldıqdan sonra partiyalarla təmaslar quruldu. Belə görüşləri vacib sayır və davamlı olmasına pozitiv yanaşırıq. Çünki son dönəmlər cəmiyyətdə belə bir fikir formalaşırdı ki, siyasi partiyalarla görüşlər davamlı keçirilmir. Ancaq göründüyü kimi siyasi partiyalarla mütəmadi görüşlər təşkil olunur. Hazırda fərqli dövr yaşayırıq. Hər zaman bəyan etmişik ki, ölkə daxilindəki problemləri həll etmək üçün masa arxasına oturmaq, ortaq müzakirələr aparmaq lazımdır. Hakimiyyətlə siyasi cameə arasında dialoq mühiti qurulmalı və inkişaf etdirilməlidir. Bununla bağlı təkliflərimiz də olub. Ötən gün baş tutan növbəti görüş zamanı da təkliflərimizi dilə gətirmişik. Nəzərə çatdırım ki, keçən müddət ərzində təkliflərimiz arasında qəbul edilənlər olub. Bunu xüsusi olaraq vurğulamaq lazımdır. Təbii ki, həllini gözləyən məsələlər də var. Qərara alındı ki, təmaslar daha intensiv olsun. Həmçinin, bildirildi ki, müxtəlif məsələlərlə bağlı siyasi partiyalar öz təkliflərini irəli sürsünlər”. 

A.Əlizadə vurğulayıb ki, siyasi partiyaların ictimai nəzarət funksiyasına cəlb olunmasını təklif edib:

 “Vurğuladım ki, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuralarda siyasi partiyaların da yer alması çox faydalı olar. Dövlət başçısı Azərbaycanda fəaliyyət göstərən siyasi partiya sədrlərini hər bayramda təbrik edir. Bu da yeni ənənədir. Görüşdə təklif etdim ki, siyasi partiya rəhbərlikləri dövlət tədbirlərinə dəvət edilsin və bu məsələ protokola salınsın. Artan dinamika ilə gedən münasibətlər ümumi işimizin xeyrinədir. Ölkədə demokratikləşməyə və yeni açılıma töhfə verə biləcək davranışdır. Davamlı olacaqsa, dövlətimizin daha da demokratikləşməsinə, siyasi münasibətlərin inkişafına və şəffaf idarəetməyə mühüm təkan və dəstək verəcək”.