Saakaşvilinin məğlubiyyətinin səbəbi müxalifətin parçalanmasıdır - ANALİTİK

  • "Müxalifət daxilində parçalanma dərinləşir. Saakaşvilinin partiyası əvvəlki gücündə deyil”

Gürcüstanda siyasi mübarizənin hazırkı vəziyyəti ilə bağlı diqqətçəkən nəticələr açıqlanıb. Ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, onun reytinqi hakim “Gürcü Arzusu” Partiyasının qurucusu Bidzina İvanişvili və Baş nazir İrakli Kobaxidzenin göstəriciləri ilə eyni səviyyədədir. Saakaşvilinin sözlərinə görə, keçirilən sorğuda hər üç şəxsin reytinqi 35-36 faiz təşkil edib. Digər siyasi partiyaların heç biri isə 3 faizlik həddi keçə bilməyib.

Keçmiş prezident bu nəticələrin səbəbini müxalifətin siyasi mübarizədə seçdiyi yanaşma ilə əlaqələndirir. Onun fikrincə, müxalifət hakimiyyətə qarşı mübarizəyə diqqət yetirmək əvəzinə, səylərinin böyük hissəsini ona qarşı yönəldir. Saakaşvili hesab edir ki, bu cür yanaşma müxalifətin siyasi təsir imkanlarını zəiflədir və onun mövqelərini daha da çətinləşdirir. O, mövcud vəziyyətdən çıxış yolunu müxalifətin öz ətrafında birləşməsində görür.

Saakaşvilinin açıqlaması Gürcüstanda müxalifət qüvvələrinin mövcud vəziyyəti və hakimiyyətlə rəqabətin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Müxalifət daxilindəki fikir ayrılıqları və vahid mövqenin formalaşdırılması məsələsi siyasi mübarizənin əsas mövzularından biri kimi diqqət çəkir. Keçmiş prezidentin öz reytinqini hakimiyyətin əsas simalarının göstəriciləri ilə müqayisə etməsi onun siyasi nüfuzu ilə bağlı iddiaları da ön plana çıxarır.

Bununla belə, açıqlanan rəqəmlərin Gürcüstandakı real siyasi qüvvələr nisbətini nə dərəcədə əks etdirdiyi ayrıca qiymətləndirilməlidir. Sorğunun keçirilmə tarixi, iştirakçıların sayı və tədqiqatın metodologiyası barədə məlumatlar olmadan bu göstəricilər əsasında ölkədəki siyasi vəziyyətlə bağlı qəti nəticəyə gəlmək çətindir.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Saakaşvili reytinqinin hakimiyyətlə eyni səviyyədə olduğunu iddia edir:

"Bu məsələdə iki əsas məqama diqqət yetirmək lazımdır. Birincisi, Mixeil Saakaşvili iddia edir ki, hazırda onun reytinqi Gürcüstan hakimiyyətinin paytaxt rəhbərləri qədərdir və onlar qədər səs sayı toplaya bilər. Bu, Saakaşvilinin iddiasıdır. Aydın məsələdir ki, Saakaşvili siyasətçidir və ona görə də özünə uyğun olan, özünə sərf edən detalları qabarda bilər və ya pafoslu çıxışlar edə bilər.

Hazırda mövcud reallığı bilmirik. Yəni tam olaraq bilmirik ki, həqiqətən də Saakaşvilinin dediyi kimi, hakimiyyətin paytaxt rəhbərləri də 30 faiz, o da 30 faiz səs toplayıb. Sorğunu keçirən şirkətin bu məsələdə nə dərəcədə obyektiv olduğunu və reallığı nə qədər əhatə etdiyini bilmirik".

Müsahibimizin fikrinə əsasən, müxalifətin parçalanması Saakaşvilinin siyasi mövqelərini zəiflədir:

"Eyni zamanda, Saakaşvilinin öz partiyası da parçalanıb. Bundan əlavə, bir neçə parçalanmanın içindən fərqli partiyalar çıxıb. Ən son mövcud partiyanın Saakaşvilinin nə qədər nəzarətində olduğunu da demək çətindir. Çünki faktiki olaraq bəzi hallarda onun verdiyi namizədlərin, irəli sürdüyü göstəricilərin və ya müəyyən etdiyi siyasi mübarizə üsullarının yerinə yetirilmədiyini görürük. Ola bilər ki, orada da hakimiyyətlə müəyyən anlaşmaya meyillər var. Yaxud bəzi şəxslər öz ambisiyalarını qorumağa çalışırlar.

Məhz bu məqamlar yekun nəticədə Saakaşvilinin daha az səs almasına və məğlubiyyətinə səbəb olur. İndi burada belə bir sual yaranır: Saakaşvilinin partiyası və müxalifət vahid cəbhədən çıxış etsəydi, qalib gələ bilərdimi? Ən azından parlamentdə əsaslı bir çoxluq əldə edib hakimiyyətə daha ciddi müqavimət göstərə bilərdimi? Hazırkı vəziyyətdə bunu demək çətindir".

Politoloq qeyd edib ki, müxalifət partiyalarının hakimiyyətlə yaxınlaşması vahid cəbhəni zəiflədir:

"Amma Gürcüstan siyasətində müxalifət daxilində belə bir parçalanmanın olması və partiyaların bir-birinə qarşı mübarizəsi faktları mövcuddur. Bəzən onlar hakimiyyətlə siyasi əlaqələr qurmağa çalışırlar. Müəyyən dividendlər qarşılığında müxalifət cəbhəsinin maraqlarını ikinci plana atırlar.

Eyni zamanda, Saakaşvilinin partiyasının əvvəlki kimi tam şəkildə vahid və inkişaflı ana müxalifət partiyası kimi fəaliyyət göstərməsi ilə bağlı şübhələr var. Saakaşvilinin siyasi istəklərinin tam olaraq yerinə yetirilməsi məsələsi də sual doğurur. Burada Saakaşvilinin əslində müəyyən qədər həqiqəti söylədiyini demək olar".