Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbuluna nail olmaq üçün müxalifətdən 6 deputatın səsini öz tərəfinə çəkə biləcəyinə əmin deyil.
Sherg.az xəbər verir ki, bunu siyasi texnoloq Vigen Akopyan mümkün növbədənkənar seçkilərlə bağlı açıqlamanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu qarşısına məqsəd qoyubsa və bu, böyük ehtimalla, xarici sifarişdirsə, o, bu məqsədə çatmağa hər vəchlə çalışacaq.
“Hazırda parlamentdə tələb olunan üçdə iki səs çoxluğu yoxdur. Deməli, iki yol var. Birinci yol müxalifətin çatışmayan 6 səsini ələ keçirməkdir. Lakin Paşinyan buna nail olacağına əmin deyil. Bu alınmasa, ikinci yol yeni parlament formalaşdırmaqdır. Belə olan halda hakimiyyət parlamentdəki təmsilçiliyini üçdə iki həddinə çatdıra bilər”, - Akopyan deyib.
Siyasi texnoloqun sözlərinə görə, hakimiyyət Konstitusiyanı dəyişmək istəyini hansı səbəblərlə izah etməsindən asılı olmayaraq, hamı başa düşür ki, Bakı sülh sazişinin imzalanması üçün İrəvanın qarşısına ilkin şərt qoyub.
“Başqa məsələ budur ki, konstitusiya dəyişiklikləri həyata keçirilsə belə, İlham Əliyev bu sənədi imzalayacaqmı? Məncə, yox. O, yeni şərt irəli sürəcək və ya yeni halların yarandığını bəyan edəcək”, - Akopyan bildirib.
Digər tərəfdən, siyasi texnoloqun fikrincə, növbədənkənar seçkilərə getmək üçün Paşinyan səsvermənin nəticələrinin onun üçün daha əlverişli olacağına tam əmin olmalıdır.
Lakin ehtimal olunan seçkilərə ən azı bir il qaldığından, bu müddət ərzində vəziyyət köklü şəkildə dəyişə bilər.
Məsələn, hazırkı baş nazirin istefası halında nəzəri ssenarilərdən biri müxalifətin öz namizədini irəli sürməsi və paralel olaraq həmin namizədin seçilməsinə gətirib çıxara biləcək küçə hərəkatı formalaşdırmasıdır.
“Hazırda müxalifət küçə təzyiqi yarada bilmir və ya özlərinin dediyi kimi, bunu etmək istəmir. Buna görə də belə bir ssenariyə inanmaq çətindir. Ancaq bir ildən sonra vəziyyət dəyişə bilər”, - Akopyan deyib.
Onun fikrincə, buna görə də hökumət başçısının açıqlaması müxalifətin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hesabatına istinadən hakimiyyətin legitimliyi ilə bağlı səsləndirdiyi fikirlərin fonunda daha çox təhdid xarakteri daşıyır.
Akopyan hesab edir ki, hakimiyyət müxalifəti, o cümlədən onun müxtəlif resurslardan məhrum edilməsi yolu ilə ciddi şəkildə zəiflədə bilsə, seçkilər variantı gündəmə gələ bilər. Onun sözlərinə görə, hakimiyyət hazırda məhz bununla məşğuldur.
Qeyd edək ki, Paşinyan oktyabrın 22-də keçirdiyi brifinqdə yeni Konstitusiyanın qəbuluna nail olmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib. O, bununla parlamentdə konstitusiya çoxluğu əldə etməyə çalışacaqlarını bildirib. Son seçkilərdə hakim “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səs toplayıb.
“Biz müxalifət həmkarlarımızı bunun çox vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq”, - deyən baş nazir əlavə edib ki, bu mümkün olmasa, Ermənistan hakimiyyəti növbədənkənar seçkilər də daxil olmaqla, digər ssenarilərə əl atacaq.