Getdikcə Rusiyanın əhatə dairəsi daralacaq
NATO-nun Moldovaya silah tədarük etmək niyyəti Moskvada suallar doğurur. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Onun sözlərinə görə, Bizi Böyük Britaniyanın bəyanatı yox, Kişinyovun mümkün reaksiyası təəccübləndirib:
"Biz bunu izləyəcəyik. Çünki Moldova konstitusiyasında onun bitərəf bloklara qoşulmamaq statusu aydın şəkildə yazılıb. NATO üzvü olan dövlətin ora silah-sursat tədarükü əlbəttə ki, suallar doğurur".
Qeyd edək ki, Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass “Telegraph”a müsahibəsində bildirib ki, Böyük Britaniya və digər NATO ölkələri Moldovaya silah tədarükünün mümkünlüyünü müzakirə edirlər. Onun sözlərinə görə, bu tədbir ölkəni Rusiyadan gələn “işğal təhlükəsi”ndən qorumaq məqsədi daşıyır.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Moldova və Rusiya münasibətlərindəki gərginliyin ən böyük səbəbkarlarından biri elə rəsmi Moskvadır:
"Çünki indiyə qədər Rusiyanın Dnestryanıdakı qanunsuz silahlı birləşmələrinin oradan çıxarılması ilə bağlı dəfələrlə Moldova çağırışlar edib. Hətta müxtəlif illərdə onun bu çağırışlarına beynəlxalq siyasi institutlar da öz dəstəyini göstərib. Lakin təəssüf ki, bu günə qədər həm Moldova dövlətinin rəsmi çağırışlarına, həm də beynəlxalq təşkilatların, BMT-nin bu kontekstdə xəbərdarlıqlarına baxmayaraq, Rusiya öz qoşunlarını Dnestryanıdan çıxartmır. Bu da Moldova-Rusiya əlaqələrinin gərginləşməsinə səbəb olur. Rəsmi Kişinyov əlbəttə ki, Dnestryanıdakı, yəni beynəlxalq hüquqda tanınmış suveren ərazilərində separatçılıq nümunələrinin hökm sürməyini, Rusiyanın hələ də qanunsuz formada olmağı fikirləri ilə razılaşmır.
Bu kontekstdə onu dəstəkləyən Qərblə əlaqələrə önəm verir. Eyni zamanda Moldova Rusiyanın geopolitik gücünü də nəzərə alaraq, heç vaxt onun əleyhinə siyasi qərarlar vermir. Bütün bunlara baxmayaraq, Rusiya Dnestryanıda qanunsuz mövcudluğunu saxlamağa davam edir.
Əlbəttə ki, Ukraynanın NATO ilə münasibətlərinin dərinləşməsi fonunda Rusiya-Ukrayna savaşı baş verib.
Eyni formada artıq Şimali Avropa ölkələri olan İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri olub. Moldovanın da hərbin alyansla əlaqələrinin gücləndirilməsi Rusiyanı ciddi şəkildə narahat edir. Rəsmi Moskva artıq anlamağa başlayır ki, onun ətrafındakı təsir imkanları daralmağa doğru gedir.
Bu proseslər Rusiya-Moldova münasibətlərini daha da gərginləşdirəcək. Hətta ola bilsin ki, Dnestryanıda hansısa növbəti provakasiyalar və təxribatlar olsun. Amma bütövlükdə Moldovanın yaxın gələcəkdə NATO-ya üzvlük məsələsi perspektivdə görünmür".