Azərbaycan və Türkiyə gücləndikcə Qafqazın gələcəyi üçün ümidverici dəyişikliklər olacaq
Ankarada Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbir keçirilib. Davamlı sülh və sabitlik üçün mühüm addım atılıb. Bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov tədbirdə bildirib. O qeyd edib ki, qardaş dövlətin brendinin "Türkiyə" olaraq dəyişdirilməsi ilə bağlı təbriklərimi çatdırıram:
"Bu brend qardaş ölkənin ən yaxşı şəkildə təqdim olunmasıdır. Bu il biz Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpa edilməsinin 30 illiyini qeyd edirik. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyə olub. Əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinədək yüksəlib. Türkiyənin Azərbaycana beynəlxalq hüquqa əsaslanan dəstəyini yüksək dəyərləndiririk".
Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə birliyi Qafqazda yeni istiqrar və barışın təminatıdır:
"Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bunun üçün yeni 3+3 platformasını təqdim etdilər. Bu da ölkələr arasında iş birliyi deməkdir. Türkiyə-Gürcüstan-Azərbaycanın bu üçlü modelin başqa bir formatı şəklində daha əvvəldən bir əməkdaşlığı var. Eyni zamanda Rusiya, Ermənistan və İranın da belə bir formada iş birliyini görürük. Digər tərəfdən 44 günlük savaşdan sonra ölkəmiz öz ərazilərini işğaldan qurtarmaqla birlikdə rəsmi İrəvanın əlindəki ən vacib silahı alıb. Bu da bazarlıq imkanlarını məhdudlaşdırıb. Ən önəmlisi isə Türkiyənin siyasi və diplomatik dəstəyini alan Azərbaycan bu zəfərlə birgə bölgədə sözükeçən dövlət halına gəlib. Yəni qələbə qazanmış ölkənin hər zaman bəzi məsələlərdə diktə etmə haqqı var.
Həmçinin Azərbaycan-Türkiyə Şuşa Bəyannaməsi ilə birlikdə ikili münasibətləri müttəfiqlik səviyyəsindən strateji mərhələyə çıxarıblar. Bu da çox vacib məsələdir. Yəni ərazidəki siyasətin gerçək mənada balanslaşdırılmış hala gəldiyinə şahid olduq. Bu da həm ölkəmizin əlini gücləndirib, həm də Türkiyənin Cənubi Qafqaza yerləşməsi üçün zəmin yaradıb.
Bu əməkdaşlıq sayəsində həm Ermənistanla alıcı sülh müqaviləsinin imzalanması, həmçinin ərazi bütövlüyünün tanınması və digər məsələlərin də həllinə imkan yaradacaq.
İki qardaş ölkə iqtisadi, siyasi, diplomatik çərçivədə daha da gücləndikcə Qafqazın gələcəyi üçün çox ümidverici dəyişikliklər ortaya çıxır. Bunun təməlində də qalıcı sülhün təmin edilməsi dayanır".