“Qrupun həmsədr ölkələrinin bir arada işləməsi də qeyri-mümkündür”
“Bunu ABŞ, Fransa, Rusiya da bir neçə dəfə bəyan edib. Yəni onların arasında hazırda hər hansı bir effektiv kommunikasiya yoxdur”
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında geniştərkibli görüş baş tutub. S.Lavrov mətbuat konfransında ATƏT-in Minski qrupu fəaliyyətini dayandırdığını bildirib:
"Minsk qrupunu müzakirə etmədik. Çünki, bu, fransa və amerikalı üzvlərinin təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Lakin postmünaqişə həll prosesi barədə fikir mübadiləsi apardıq. Bunun üçün baza Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığı itirdi".
Açıqlama ilə bağlı "Sherg.az"a danışan millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Rusiya XİN başçısının həqiqəti səsləndirdiyini bildirib:
"S. Lavrovun açıqlaması kifayət qədər kostruktiv yanaşma kimi qəbul olunmalıdır. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun digər həmsərd ölkələri olan ABŞ və Fransa hər vasitə ilə qurumu yenidən canlandırmağa, gündəmə gətirməyə çalışırlar. Əsas məqsədləri Minsk qrupu formatında olmayan münaqişəni müzakirəyə çıxarmaqdır. Bu da təbii ki, heç də xoş niyyətli mövqe deyil. Təcavüzkar Ermənistanın da məqsədi məhz 2020-ci ilin payızında ağır məğlubiyyətini qismən də olsa, nə iləsə kompensasiya etməkdən ibarət idi. Bu yollardan biri kimi də həm rəsmi İrəvan, həm də həmsədr ölkələr ATƏT-in Minsk qrupunun təkrar dövriyəyə qatılmasını görür. Amma Rusiyanın məsələ ilə bağlı sərgilədiyi mövqeni alqışlamaq lazımdır. Azərbaycan tərəfinin yanaşması ilə eynilik təşkil edir. Azərbaycan da qurumun fəaliyyətdə olduğu dövrdə yalnız deklarativ xarakterli görüşlər keçirdiyini bildirir.
Nəticəyə hesablanmış heç bir addım atmayıb. Minsk qrupu münaqişə vəziyyəti ilə bağlı heç vaxt obyektivlik nümayiş etdirməyib. Bir dəfə də olsun, Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyi faktını səsləndirməyib.
Qərəz olduğu halda əlbəttə ki, vəziyyətin tənzimlənməsi istiqamətində addımlar ata bilməzdi. Azərbaycan Prezidenti Cənab İlham Əliyev də dəfələrlə açıq mətnlə vurğulayıb ki, Minks qrupu defakto mövcud deyil. Qrupun həmsədr ölkələrinin bir arada işləməsi də qeyri-mümkündür.
Bunu ABŞ, Fransa, Rusiya da bir neçə dəfə bəyan edib. Yəni onların arasında hazırda hər hansı bir effektiv kommunikasiya yoxdur. Belə olan halda ATƏT-in Minsk qrupu ancaq vəziyyəti gərginləşdirə bilər. Lavrovun bu cür açıqlamalarının olması sülh prosesinə müsbət təsir göstərə bilər".