PROQNOZ:“Lokal, yaxud geniş hərbi əməliyyatlar ehtimalı yüksəkdir”




“44 günlük müharibənin sonunda Qarabağın Dağlıq hissəsinə sülhməramlılar adı altında rus qoşunlarının yerləşdirilməsi əlbəttə ki, yekun nəticənin uğurlu variantı deyildi”.

Bu sözləri “Sherg.az”a politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu son günlər ehtimal olunan antiterror əməliyyatlarına dair səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəs anlayırdı ki, həmin o hərbi kontingentdən Rusiya daim ölkəmizə təzyiq kimi istifadə edəcək:

“Həmçinin imzalanan Üçtərəfli bəyanatda göstərilən bəndlərin onun maraqlarına cavab verməyənlərinə əməl etməyəcək. Rus hərbçilərinin Qarabağa yerləşdirilməsinin əsas məqsədlərindən biri də təkcə Azərbaycan basqı deyil, həm də oradakı erməni silahlı birləşmələrini qoruyub, saxlamaqdır. Çünki onlar da ölkəmizə qarşı gərginlik yaradan vasitəsi kimi istifadə edilirdi və davamı olacaq. Bəyanata əsasən 9 bənddə göstərilən şərtlərin hamısı olmasa da, böyük bir hissəsi xeyrimizə idi. Gördük ki, bəyanatın bir neçə punktu  açıq-aşkar sabotaj olundu. Həmçinin Zəngəzur dəhlizinin açılması məsələsi. İndi Laçın korridorunun Azərbaycana qaytarılması və alternativ yolun çəkilməsinin də ləngidiyini müşahidə edirik. Üstəlik, Rusiya hərbi kontingentini aktiv şəkildə yeni müqavimətə, savaşa hazırlayır. Bunun nəticəsi kimi ən böyük ehtimallardan olan - növbəti bir qarşıdurma yaranar. Nəticədə sülh anlaşmasından söhbət gedə bilməz. Ümumiyyətlə, Rusiya ilk gündən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olmayıb. Münaqişənin bitməsi Rusiya üçün əlverişli deyil. Belə olduğu halda Rusiya Cənubi Qafqazda geosiyasi təsir imkanlarını itirir və bu, onun böyük planlarını əngəl törədir. Həmçinin Cənubi Qafqaz üzərindən Yaxın Şərqə çıxışı imkanına mane olur". 

Ə.Oruclu vurğulayıb ki, beynəlxalq reaksiyalar yetərincə deyil və olmayacaq:

"Ancaq bölgədə qarşıdurma yarandıqda onların hərəkətini müşahidə edə bilərik. Çünki bu gün beynəlxalq aləmin diqqəti əsasən, Ukraynaya yönəlib. 

Rusiyanın rəsmi Kiyevə qarşı təcavüzü, sanksiyalarla geriçəkilməyə məcbur etməsi kimi məsələlər olduğu üçün vəziyyət bir qədər mürəkkəbdir. Bundan başqa, bölgədəki dövlətlər arasında təkcə Rusiya deyil, marağı Azərbaycanla ziddiyət təşkil edən İran da var. 

Bunu açıq-aşkar Tehran görüşündə gördük. Ona görə də təxribatların davam edəcəyini gözləniləndir. Nə qədər pessimist səslənsə də, hətta hansısa lokal, yaxud geniş hərbi əməliyyatlar ehtimalı da yüksəkdir. Rusiyanı kənara qoymaqla, Qərbin, Avropanın, BMT-nin reaksiyaları yalnız real təhlükə, müharibə olduqda özünü büruzə verəcək. 

Çünki Avropanı hazırda daha çox enerji məsələləri maraqlandırır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Avropa və Azərbaycan arasında qaz anlaşması haqqında Memorandum imzalandı. Amma Avropa Birliyinin bu məsələdə vasitəçi olmasına baxmayaraq, sülh barəsində heç bir  irəliləyiş yoxdur. Görünür, Avropada da anlayırlar ki, prosesdə Rusiya var və onu kənarlaşdırmaq mümkün deyil. Əksi yeni gərginlik, müharibə deməkdir. 

Çünki İkinci Qarabağ müharibəsində Rusiyanın maraqları təmin edilməyib. Bölgədəki kommunikasiyaları nəzarətə götürmək istəyirdi, lakin nail ola bilmədi".