- “Yavaşa müxalifətin ortaq namizədi olmaq imkanı onsuz da verilməyəcək”
Türkiyə siyasətində son dövrlərdə müxalifət daxilində yaşanan fikir ayrılıqları, mümkün namizədliklər və siyasi partiyalar arasındakı münasibətlər diqqət çəkən əsas mövzulardan biridir.
Xüsusilə 2028-ci il prezident seçkilərinə gedən prosesdə siyasətçilərin şəxsi siyasi ambisiyaları, partiyadaxili münasibətlər və seçici davranışlarının mümkün ssenarilərə necə təsir edəcəyi ilə bağlı müxtəlif müzakirələr aparılır. Bu çərçivədə CHP-də baş verən proseslər, Mansur Yavaş və Əkrəm İmamoğlunun siyasi mövqeləri, eləcə də müxalifətin mümkün namizədlik strategiyası müxtəlif ehtimallar əsasında qiymətləndirilir.
Sahipkıran Strateji Araşdırmalar Mərkəzinin drektoru Süleyman Erdem Sherg.az-a bildirib ki, dünyanın hər yerində olduğu kimi, Türkiyədə də siyasət cəmiyyətə fayda vermək arzusundan çox, şəxsi ambisiyalar üzərindən yürüyür:
"Siyasi arenada ayaq oyunlarının, şəxsi maraqlar naminə bir-birin
i arxadan bıçaqlamağın və partiya dəyişdirməyin normal qəbul edildiyi bir şəraitdə ayaqda qala bilməyin ən mühüm yolu ambisiyalı olmaqdan keçir. Təəssüf ki, bu ambisiya ölkəyə və cəmiyyətə faydalı olmaq ambisiyası deyil. Şəxsi siyasi karyera və mənafe ambisiyasıdır.
Şəxsi siyasi karyera və maraqlar naminə hər cür prinsip və əxlaqi qayda gözardı edilə və ya lazımsız hesab edilə bilər. Bu vəziyyət siyasəti dizayn edən qüvvələrin işini xeyli asanlaşdırır. Bu qüvvələr siyasi arenanı dizayn etmək üçün addımlar atarkən siyasətçilərin ambisiyalarından və zəif tərəflərindən istifadə edirlər.
Altılı Masanın namizədi olmaq yolunda ikən “Millət İttifaqının namizədi nəfsini tərbiyə etmiş biri olmaq məcburiyyətindədir” məzmununda açıqlamalar verən Kamal Kılıçdaroğlunun nəfsini tərbiyə edib-etmədiyini çox yaxşı bilənlər, mütləq etibarsızlıq yolu ilə CHP-nin parçalanmasında onun ambisiyalarından istifadə etdilər".
Analitik bildirib ki, Əkrəm İmamoğlunun da prezident olmaq ambisiyası öz zəif tərəflərini görməsinə mane oldu:
"Onun başına gələ biləcəkləri əvvəlcədən görməsinə imkan vermədi. İmamoğlunun ambisiyası siyasəti dizayn edənlərin diqqətini çəkdi. Planlarına təhdid yarada biləcəyi üçün bu riski gözə almayaraq, onun zəif tərəflərindən istifadə edib siyasi prosesdən kənarlaşdırmaq yolunu seçdilər. Düşünürəm ki, İmamoğlu qarşıdakı dövr üçün planlaşdırılan siyasi dizaynı oxuya bilsəydi və bu kontekstdə başına gələ biləcəkləri görə bilsəydi, ambisiyalarını cilovlayaraq prezidentliyə namizədliyini 2028-ci ildən sonraya təxirə salardı.
Meral Akşener Altılı Masadan qalxarkən Mansur Yavaş və Ekrem İmamoğluna namizəd olmaq çağırışı etmişdi. Həmin dövrdə bütün sorğularda qalib gələcək səs faizinə çatdıqları görünən Yavaş və İmamoğlu Kılıçdaroğlunu qəzəbləndirib CHP-dən xaric edilmək riskini belə gözə ala bilmədilər. Əksinə, Meral Akşeneri Altılı Masaya qayıtmağa və Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə razı saldılar".
Ekspertin fikrincə başına gələ biləcəklərini bilə-bilə siyasi dizayna çomaq soxmağa çalışmaq yalnız vətən və millət sevgisi ilə mümkündür:
"Siyasətdəki çürümənin ən yüksək həddə çatdığı günümüzdə vətən və millət sevgisi ilə risk ala biləcək siyasətçilərin sayının nə qədər az olduğu isə aydındır.
Bu günlərdə Mansur Yavaşın CHP-nin quruluş ildönümünə qatılmayaraq Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsi üzərindən aparılan spekulyasiyalar ictimaiyyətin gündəmini məşğul edir. İmamoğlunun başına gələnləri görən Mansur Yavaşın namizəd olaraq risk almayacağı ilə bağlı şərhlər səsləndirilir.
Hesab edirəm ki, Yavaşın müxalifətin ortaq namizədi ola biləcəyi bir şərait onsuz da ona təqdim edilməyəcək. Yəni nə CHP, nə də Yeni Partiya onu qətiyyən namizəd göstərməyəcək. Bu səbəbdən də onun risk ala biləcəyi bir şərait ümumiyyətlə yaranmayacaq.
Lakin ikinci tura belə qala bilməyəcəyi bir şəraitdə normal şərtlər daxilində Yavaş namizəd olmaq istəməyəcək. O, siyasəti dizayn edənlərin yönləndirməsi ilə ikinci turda öz seçicilərini Cümhur İttifaqının namizədinə yönəltmək məqsədilə kiçik millətçi partiyaların namizədi olmağa razılaşacaq. Əks halda düşünürəm ki, başına gələ biləcəkləri ilə bağlı riskdən yayınmağı üstün tutacaq".
Mütəxəssis hazırda hər şeyin siyasəti dizayn edənlərin planlaşdırdığı şəkildə irəllədiyini deyib:
"CHP iki yerə bölündü. CHP-dən ayrılan Yeni Partiyanın seçiciləri ilə CHP seçiciləri bir-birinə düşmən edilir.
Yeni Partiya seçicisi addım-addım Özgür Özəlin prezidentliyə namizəd olmasına hazırlanır.
Mansur Yavaş ortada qaldı. Böyük ehtimalla CHP-dən də istefa verəcək və ya intizam araşdırmasına göndərilərək istefaya məcbur ediləcək. Onun ikibaşlı mövqeyi və CHP-nin quruluş ildönümündə Prezident Ərdoğanla görüşməsi, həm CHP, həm də Yeni Partiya seçiciləri qarşısında nüfuzunu aşağı salacaq prosesin başlanğıcıdır.
Bu səbəbdən CHP-dən ayrılmasa belə, CHP-nin prezidentliyə namizəd edilməyəcəyi dəqiqdir. Çünki parçalanmadan sonra CHP-nin səs faizi çox aşağı düşsə də, onun namizədi Mansur Yavaş olarsa, müxalif seçicilərin bütün planları alt-üst edərək Yavaşı ikinci tura çıxarma ehtimalı var".
Müsahibimiz vurğulayıb ki, siyasəti dizayn edənlərin bu riski gözə almayacağını və Mansur Yavaşı CHP və Yeni Partiya seçicilərinin gözündə nüfuzdan salaraq, onu ikinci tura qala bilməyəcək vəziyyətə gətirəcəklər:
"İkinci turda Cümhur İttifaqının namizədini dəstəkləmək üçün kiçik millətçi partiyaların namizədi olmağa məcbur edəcəklər.
İkinci tura müxalifətin namizədi kimi Özgür Özəlin çıxarılmasının istənir, bu yolla 2023-cü il seçkilərinin nəticələrinə bənzər şəkildə Cümhur İttifaqının namizədinin seçkini qazanması planlaşdırılır. 2028-ci il seçkilərində Özgür Özəlin ambisiyalarından və zəif tərəflərindən bu nəticəyə nail olmaq üçün istifadə ediləcək".