Moskvadan gələn zəng! - “Rusiya Qarabağ prosesini monopoliyasında saxlamaqda maraqlıdır”



Azərbaycan Prezidenti dünyanın ən nüfuzlu beyin mərkəzlərinin birində iştirak edirdi. Türkiyə ilə Azərbaycan birlikdədir mesajını verdi. Bu ismarışın hansı qüvvələri qıcıqlandırdığı məlumdur.
Bu sözləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.  
O, Rusiya və İran məsələsinin önə çıxdığını vurğulayıb:

"İtaliyanın Çernobbio şəhərində baş tutan beynəlxalq forumda moderator sual verdi. Dedi ki, Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Dövlət başçısı isə cavabında "Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq" söylədi.

Belə açıqlamalardan sonra V. Putin İlham Əliyevlə telefonla danışdı. Rəsmi Moskva Qarabağ prosesini monopoliyasında saxlamaqda maraqlıdır. Kifayət qədər də nail olmağı bacarır. Biz isə proseslərdən zərərli çıxmamışıq. “Qisas” əməliyyatı keçirildi, Zabux, Sus və Laçın azadlığına qovuşdu".

Qeyd edək ki, avqustun 31-də  Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördüncü Brüssel görüşü keçirilib. Sentyabrın 2-də isə dövlət başçısı İtaliyada səfərdə olub. Bütün toplantılardan dərhal sonra sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib.