“İndi Azərbaycan elə bir geosiyasi mövqeyə malikdir ki, hamı bəhrələnmək istəyir, o cümlədən də Qərb”
“Azərbaycan tərəfindən də Qərbə səfərlər çoxalacaq”
"Azərbaycan Qərblə açıq siyasət yürüdüb. Qərbin münasibəti ikili standartları içərisində ehtiva edən siyasət kimi qiymətləndirirdik. Əsaslarımız da var idi. Bəzi Qərb ölkələri torpaqlarımızın işğalı dönəmində Azərbaycana obyektiv münasibət sərgiləmirdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili, Avropa Şurası Parlament Assambleyasında ( AŞPA ) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Azərbaycanın əksər Qərb ölkəsi ilə geniş və artan templə inkişaf edən münasibətlərindən danışan parlamentarinin fikirlərinə görə, regiondakı reallıq dəyişib:
"Artıq tarixin yaddaşına getmiş, bəzi qüvvələrin reanimasiya etməyə çalışdığı Minsk qrupu da həmin siyasətlə məşğul idi. İndi Azərbaycan elə bir geosiyasi mövqeyə malikdir ki, hamı bəhrələnmək istəyir, o cümlədən də Qərb.
Prezident İlham Əliyevin Brüsselə, İtaliyaya səfəri buna dəlalətdir. Hər iki səfərin önəmini xüsusi vurğulamaq istəyirəm. Birincisi, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımdır.
İkincisi isə Azərbaycanın gücünü, qüdrətini, iqtisadi əlaqələrini göstərən səfərdir. Həm Azərbaycan tərəfindən Qərbə səfərlər çoxalacaq, həm də Qərbin Azərbaycana diqqəti artacaq".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Madrid şəhərinə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.