"Belə bir qanun layihəsi yoxdur. Bu, indiki qanuna əlavələr və dəyişiklik edilməsi üçün ayrı-ayrı siyasi partiyaların təşəbbüsdür".
Bu sözləri "Sherg.az"a açıqlamasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə münasibət bildirən Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, qanun layihəsi sadəcə siyasi partiyaların təkliflərindən ibarətdir:
"Hazırki "siyasi partiyalar haqqında" qanun müəyyən əngəl törətmir. Partiyaların İctimai Televiziya və digər kanallara çıxışına şərait yaradılmalıdır. Mətbuatda bərabər imkanlar olmalıdır. Siyasi təşkilatların maddi təminatı məsələsi həllini tapmalıdır. Heç biri həll edilmir. Yeni qanun layihəsi haqqında söylənilən fikirlər boş söhbətdir".
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirə mövzusuna çevrilib. Yeni layihədəki bəzii müddəalar narazılıqla qarşılanıb Layihənin ilkin versiyasında qeyd olunub ki, üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməyəcəklər. Milli Məclis, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən siyasi partiya ləğv ediləcək.