“Prezidentin vurğuladığı yolların çəkilməsi şübhə doğurmur”

“Öhdəlikləri yerinə yetirmək üçün rəsmi İrəvana siyasi  təzyiq göstərilir. Əminəm ki, lazım olduğu təqdirdə  gücdən də istifadə olunacaq”


Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində çıxış edib.
Ölkə başçısı vurğulayıb ki, biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik:

“Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar".

Prezidentin çıxışına münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfiqarov “Sherg.az”a bildirib ki, bu məsələnin həll olunması məndə şübhə yaratmır:

“10 Noyabr birgə bəyanatının 9-cu bəndi icra olunmalıdır. Sənəddə göstərilir ki, kommunikasiya  xətləri işlək vəziyyətə gətirilməlidir  və Rusiya sülməramlıları Ermənistan tərəfindəki xəttə nəzarət etməlidir. Bu öhdəlikləri yerinə yetirmək üçün rəsmi İrəvana siyasi  təzyiq göstərilir. Əminəm ki, lazım olduğu təqdirdə  gücdən də istifadə olunacaq. Bir çox media qurumlarında Zəngəzur dəhlizi mövzusu daha çox səslənir. Burada təkcə Azərbaycan mediasından yox, dünya mediasından da söhbət gedir. Bu baxımdan ölkə başçısın çıxışı zamanı vurğuladığı yolların çəkilməsi məndə şübhə doğurmur”.