“Fransa Milli Assambleyası yenə Senatın qətnaməsini kopyalayıb”.
Bunu Milli Məclisin iclasında deputat Ziyafət Əsgərov deyib.
O, məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin mövqeyini riyakarlıq adlandırıb.
“Fransa xarici işlər naziri qeyd edib ki, Senat və Assambleya Fransa hakimiyyətinin ayrı qoludur və Parisin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər riyakarlıq olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır?
Hamısı Azərbaycan abidəsidir. Bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun, Fransa, həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”
Millət vəkilinin sözlərinə görə Fransa tarix boyu müstəmləkəçilik siyasəti aparıb:
“Fransa Vyetnamdan tutmuş, Afrikaya qədər müstəmləkçilik siyasəti həyata keçirib. Bu gün də Afrikanın 14 ölkəsi Fransaya vergi verir. Fransa deyir ki, sizə müstəqillik vermişik, dilimizdən, təhsil sistemimizdən istifadə edirsiniz. Buna görə də həmin ölkələrdən vergi alırlar”
Deputatın haqlı olduğunu deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Fransadakı qanunlar parlament tərəfindən müəyyənləşir:
"Çünki parlamentdə çoxluğu olan fraksiyalar birləşib hökuməti formalaşdırır. Düzdür, Makronun fraksiyası mütləq səs çoxluğuna sahib deyil. Amma bütün hallarda təsiredici gücə malikdir.
Yeri gəlmişkən qəbul olunan qətnamənin təşəbbüskarları da, elə Makronun fraksiyasıdır. Bu səbəblə də verilən açıqlama həqiqətən də riyakarlıqdır. Necə yəni bizim əlaqəmiz yoxdur? Bu açıqlamalar həqiqətən də gülünc görsənir.
Ümumiyyətlə, Fransanın bəzi hökumət nümayəndələri məsələni parlamentin üzərinə yıxmaq istəyirlər. Ancaq əslində burada kollektiv məsuliyyət var. Yəni Parisdəki hökumət ilə, Parlamentin siyasəti vahid məhfumdur və onu bölmək olmaz".