“Ukrayna kəşfiyyatının və ABŞ-də olan qaynaqların bildirdiyinə görə, cinayətkar Armen Sarkisyan Ukraynada savaşmaq üçün muzdlu dəstə yaradır”.
Bu sözləri millət vəkili Sahib Alıyev bildirib.
Parlament üzvü qeyd edib ki, sözügedən muzdlu dəstəni Rusiyanın erməni mənşəli milyarderi Samvel Karapetyan maliyyələşdirir:
“Ruben Vardanyanın Qarabağdakı funksiyası təqribən onlarınkına oxşayır. Sadəcə o, öz təxribatlarını özü maliyyələşdirməlidir”.
Ermənistanın tarixində muzdlu dəstələrin çox olduğunu deyən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a söyləyib ki, bu təşkilatın Ukrayna savaşından sonrakı müddətdə Azərbaycana qarşı vuruşdurulması ehtimalı da istisna deyil:
"Vaxtilə Abxaziya məsələsində Baqramyan batalyonu fəal iştirak etmişdi. Onlar da muzdlu dəstənin başqa formasıdır. Maraqlıdı budur ki, Ermənilərin yaratdığı dəstələr amansızlığ ilə seçilib. Hətta Rusiyanın yaxın şərqdəki fəaliyyətində, bölgənin erməni camaatından muzdlu dəstə yaratdığı barəsində də söyləntilər var.
Bu dəstəni isə daha amansız işlərdə istifadə edirdilər. İndi Rusiyanın Ukrayna müharibəsində Karapetyanın maliyyəsi ilə belə bir muzdlu qrup yaratması heç də təəccüblü deyil.
Çünki Kremlin ordu rezervləri tükənir və Yaxın Şərqdən belə muzdlu dəstə gətirmək istəyir. Bu cür dəstələr müəyyən müddət yerin altına çəkilsə də, lazım olduqda yenidən istifadə edilir. Biz buna ASALA terror təşkilatından da şahid olmuşuq.
Bu təşkilatın ləğv olunduğu açıqlansa da, bu gün belə ASALA modelində yarım hərbi və siyasi qruplaşmalar yaradılıb. Digər tərəfdən bu təşkilatın Ukrayna savaşından sonrakı müddətdə Azərbaycana qarşı vuruşdurulması ehtimalı da istisna deyil.
Ona görə ki, Vətən müharibəsi zamanı ordusu sıradan çıxan Ermənistanın da muzdlu dəstələrə ehtiyacı yaranıb. Başqa bir məsələ isə rus sülhməramlılarını bölgədən çıxara bilmədiyimiz təqdirdə, bu cür dəstələrin Qarabağ gətirilərək bizə qarşı qoyulmasıdır. Buna isə heç kəs zəmanət verə bilməz".