Ermənistan anlayır: “Vəziyyət onların xeyirinə deyil” – Masaya oturacaq!

“Yəni vaxtı uzatmaq və vəziyyəti təhlükəsiz istiqamətə yönəltmək üçün dialoqa maraq göstərir”

“Böyük ehtimalla Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu görüş yaxın zamanlarda baş tutacaq”

“Gələn ilin ilk iki-üç ayında isə dövlət liderləri səviyyəsində danışıqların keçiriləcəyini və bu danışıqlar masasının Brüssel formatında olacağını ehtimal edirəm"


Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması və öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli geri qayıdışının təmin edilməsi Azərbaycan üçün ən vacib prioritetdir.

C.Bayramov ümidvar olduğunu əlavə edib ki, sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaq:

“Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir”.

Görüşlərin keçirilməsinin olduqca vacib bir istiqamət olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, ziddiyyətlər ancaq normal dialoq şəraitində həll oluna bilər:

“Yəni prosesin daha radikal istiqamətə yönəlməsinin qarşısını yalnız danışıqlar və görüşlərlə almaq mümkündür. Lakin 2020- ci ildən sonrakı dövr göstərdi ki, Ermənistan danışıqlar aparmaq qabiliyyətinə malik deyil. Çünki onlar ancaq danışıqlar xatirinə görüşlər keçirir, lakin anlaşmaya cəhd göstərmir. Ümumiyyətlə isə ABŞ, Fransa, Rusiya, Aİ kimi dövlət və təşkilatların açıqlamalarında yalnız Azərbaycanın öhdəliklərini göz önünə gətirilir. Ya onlar Ermənistanın öhdəlikləri barəsində müddəaları oxumur, ya da oxusa belə göz yumurlar. Yəni biz heç bir açıqlamada Ermənistanın silahlı dəstələrini Azərbaycan ərazisindən çıxarılması bəndinin xatırladılmasının şahidi olmuruq. Bütün bunları nəzərə alanda elə çıxır ki, bu öhdəliklər yalnız Azərbaycan üçündür və Ermənistan yerinə yetirmək məcburiyyətində deyil. 

Amma bütün bunlar müvəqqətidir. İstənilən halda Azərbaycan öz istəyinə nail olacaq. İndi isə rəsmi Bakı doğru kursda irəliləyir. Ümumiyyətlə, yaxın zamanlarda anlaşmanın olacağı inandırıcı görünmür. 

Ancaq müşahidə olunur ki, rəsmi İrəvan da vəziyyətin onların xeyirinə olmadığını anlayaraq danışıqlara meyil göstərir. Yəni vaxtı uzatmaq və vəziyyəti təhlükəsiz istiqamətə yönəltmək üçün dialoqa maraq göstərir. Böyük ehtimalla bu görüş yaxın zamanlarda baş tutacaq. 

Gələn ilin ilk iki-üç ayında isə dövlət liderləri səviyyəsində danışıqların keçiriləcəyini və bu danışıqlar masasının Brüssel formatında olacağını ehtimal edirəm".