Fransanın paytaxtı Parisdə inflyasiyaya qarşı “Sarı jiletlilər”in etirazları başlayıb. Nümayişdə minlərlə insan iştirak edib. Onların hamısı ölkədə inflyasiyanın artmasından, pensiya islahatlarından narazıdırlar. Hərəkatın tərəfdarlarından biri deyib ki, Fransada yoxsullar sıxıntı içindədir, onlar müalicə, keyfiyyətli yemək və elektrik haqqını ödəyə bilmirlər.
Fransa hökumətinin ciddi səhvləri olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, onlar vaxtında alternativ enerji mənbələri tapmadıqları üçün Rusiyadan asılılıq yaranıb:
"Fransa çox bahalı enerji alır. Bu isə daxili bazara təsirsiz ötüşmür. Onlar münaqişənin əvvəlində Kremlə dəstək vermələrinə rəğmən ucuz enerji ala bilmədilər.
Bu isə həm ərzaq və enerjinin qiymətində, həm də istehsalın maya dəyərinin çoxalması zəmnində xərclərin çoxalmasına gətirib çıxardı. Yəni inflyasiya xalqın alış gücünü azaltdı və kommunal xərclərin artması əhalinin kasıb təbəqəsi üçün ciddi fəsadlar törətdi. Biz hətta yaşlı nəslin nümayəndələrinin qızına bilmədiyi üçün öldüklərinin də şahidi olduq. Bu isə ölkədə böyük narazılıqlar yaradır.
Ümumiyyətlə, Fransa vaxtında ərzaq məhsulları üzrə strateji ehtiyatlar yaratmalı idi. Eyni zaman da əhalinin həssas təbəqəsi üçün enerjiyə ucuz qiymətlərlə çıxış təmin olunmalı idi. Yaxud da ən azından həssas təbəqənin zərər çəkməməsi üçün, onlara alternativ enerji mənbələri verilməli idi.
Məsələlərə vaxtında nəzarət edilməməsi, Fransa kimi sosial cəmiyyətdə böyük etirazlara səbəb olur. Nəticədə də hökümət mitinqləri güc hesabına və vəhşiliklə yatırır".