"Məncə, bu Paşinyan hakimiyyətinin təşkil etdiyi bir məsələdir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Ermənistanın Milli Demokratik Qütb blokunun Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının önündə etiraz aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, aksiyanı təşkil edən hərəkatın üzvləri Rusiyaya yaxın deyillər:
"Yəni daha çox liberal düşüncə ilə tanınırlar. Təbii ki, bu 2018-ci ildəki inqilabdan sonra formalaşmış hərəkatdır. Onları Gümrü bazasına göndərənin Paşinyan hakimiyyəti olduğu İstisna deyil.
Bununla Kremlə "Əgər Laçın yolu açılmasa, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu da sual altına düşə bilər" mesajı verirlər. Aksiya iştirakçılarını ora göndərən Paşinyan bir tərəfdən də onlara qarşı polis qüvvələrini cəlb edərək mitinqi dağıdır. Bununla həm də özünü təmizə çıxararaq, bunu Ermənistan xalqının ictimai fikri kimi təqdim edir. Yəni hakimiyyət olaraq Gümrüdəki bazanı qoruyuruq görüntüsü yaradır".
Analitikin sözlərinə görə, bunun arxasında dayanan əsas təşkilatçı Ermənistan hakimiyyətidir:
"Onlar Rusiyaya Laçın yolunu açmaq üçün təzyiq etməyə çalışırlar. Digər tərəfdən bu həm də Ermənistan hakimiyyətinin növbəti siyasi orientasiyasının işartısından xəbər verir. Yəni ictimai rəy formalaşdıraraq Rusiyanın hərbi bazasının gələcəkdə Ermənistandan çıxarılmasının təməllərini atırlar. Necə ki KTMT məsələsində ictimai rəyin sayəsində bu təşkilata qarşı etibarsızlıq yarandı. Ümumiyyətlə, baş verənlər Paşinyan hakimiyyətinin təşkil etdiyi teatrdır".