“Onlar Ermənistanı Azərbaycanın üzərinə qaldıraraq, üçüncü müharibəni başlatmaq istəyirlər"
“Üçüncü müharibə baş verərsə, artıq Ermənistanın mövcudluğu sual altına düşə bilər. Əgər onların ağlı varsa, savaşdan qaçarlar”
Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik.
Bu fikirləri Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır:
“Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.
Azərbaycanın həqiqətən də Ermənistanla məsələsini hərbi müstəvidə həll etdiyini deyən politoloq Tofiq Abbasov "Sherg.az" a bildirib ki, erməni hərbi ekspertləri də 2020-ci ildə Azərbaycan ordusunun onların silahlı qüvvələrini ən azı 12 dəfə üstələdiyini etiraf edirlər:
"İndisə bu fərq daha da artıb. Tək ona görə yox ki Azərbaycan Ermənistan ordusunu darmadağın edib, həm də Azərbaycan ordu quruculuğu işini dayandırmır.
Digər tərəfdən biz yalnız Azərbaycanın yox, bölgənin də təhlükəsizliyinin keşiyində dayanmışıq. Prezidentin dediyi təhdidlərə qaldıqda bunlar, əsasən xarici qüvvələrin işidir. Çünki rəsmi İrəvan öz taleyi ilə demək olar barışıb. Biz bunu erməni hərbçilərinin və siyasilərinin münasibətində də görürük. Onlar başa düşürlər ki, "Qatarları gedib və ona çatmaq mümkün deyil". Amma onlardan alət kimi istifadə edən qüvvələr var. Prezident də xüsusilə qeyd etdi ki, Hindistan Ermənistana hücum silahları verir. Digər tərəfdən Fransa da canfəşanlıq edir. Onlar Ermənistanı Azərbaycanın üzərinə qaldıraraq, üçüncü müharibəni başlatmaq istəyirlər".
Analitikin sözlərinə görə üçüncü müharibə olsa belə, Azərbaycan özündən əmindir:
"Əgər bu baş verərsə, artıq Ermənistanın mövcudluğu sual altına düşə bilər. Əgər onların ağlı varsa, savaşdan qaçarlar. Ona görə ki, Azərbaycana qarşı kampaniya aparan Hindistan, Fransa və.s kimi ölkələr ermənilərin cibindən xərcləyir. Söhbət tək resurslardan və maliyyə imkanlarından yox, həm də onların mövcudluğundan və gələcək perspektivindən gedir. Prezident İlham Əliyevin də dediyi kimi "Biz olan riskləri anlayırıq və onlara hazırıq". Ümumiyyətlə, bizə qarşı təhdidlə yaxınlaşan hər bir qüvvəyə 5-10 dəfə artıq cavab veriləcək. Çünki ölkə başçısı həm xalqına, həm də ordumuza güvənir. Biz 2020-ci ildə də gördük ki, xalqımızın arasında milli dayanışma olduqda qarşısıalınmaz qüvvəyə çevrilir".