"Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi pik həddə çatıb".
Bunu "Sherg.az"a politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, təxminən analoji vəziyyət 2018-ci ildə də müşahidə olunub:
"O vaxt Nikol Paşinyan hakimiyyətə gələndə Rusiya tərəfi çox narahat idi. Rəsmi Moskva düşünürdü ki, keçmiş rejimin devrilməsi Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir göstərəcək. Bu barədə kəskin bəyanatlar görürdük. Bir qədər sonra həmin gərginlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi Yuri Xaçaturovla bağlı olub.
İndi də demək olar ki, oxşar təlaş yenidən yaşanır. Lakin hazırda tamamilə fərqli forma alıb. Çünki Ermənistanın öz qərbpərəst siyasəti nəticəsində artıq əməli hərəkətlərə keçdiyi görünür. Regiona Avropa İttifaqının (Aİ) qüvvələrini gətirir. Onlar mülki missiya deyillər.
Çox güman ki, hər işdən başı çıxan və ya təhlükəsizlik məsələləri ilə məşğul olan mütəxəssislərdir. Missiya adı altında Ermənistana gəlirlər. Sayca təxminən 2 min nəfərə yaxın olan hərbi qruplaşmadır. Əlbəttə, Rusiya mövcud durumdan hiddətlənib. Şimal qonşumuzun qəzəbi davam edəcək. Ermənistana müəyyən təzyiqlər də olacaq. Hazırda rəsmi Moskvanın "başı" Ukraynaya qarışıb.
Ona görə də bir az Ermənistanın "üzərinə düşməkdə" tərəddüd edir. Amma hadisələr bu şəkildə inkişaf etsə, Rusiya rəsmi İrəvana açıq şəkildə basqılar göstərəcək. Beləliklə, ikitərəfli münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq.
Əlbəttə, burada Rusiya amilinin mövcudluğu müddətində onların aktivləşməsini, daxili siyasi gərginliyin artmasını gözləyə bilərik. Nəticə etibarilə yeni siyasi böhran istisna deyil".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Rusiya XİN-i bildirib ki, Ermənistanda Aİ missiyasının yerləşdirilməsi mövcud ziddiyyətləri daha da gücləndirəcək: "Aİ nümayəndələrinin Ermənistanın sərhədə yaxın rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər".