Misir Prezidentinin Azərbaycana səfəri niyə önəmlidir? – AKTUAL ŞƏRH

“Çünki ərəb dünyasında da erməni diasporu, lobbisi güclüdür”

“Hansı ərəb ölkəsində erməni lobbisi fəallıq göstərisə, Türkiyə ilə əlaqələri yaxşı vəziyyətdə deyilsə, orada münasibətlərin düzəlməsi, möhkəmlənməsinə çalışmaq təbii ki, Azərbaycanın da maraqlarına cavab verir”


"Ərəb dünyasının iki açar ölkəsi var. Onlardan biri də Misirdir.  Misir İslamdan əvvəl də, sonra da qədim tarixə malik, dövlətçilik ənənəsi olan bir ölkədir”.
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Əhəd Məmmədli Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Misir prezidentinin Azərbaycana səfəri hər iki ölkə üçün əhəmiyyətlidir:

“Ələlxüsus da, İkinci Qarabağ müharibəsində qazandığımız qalibiyyətdən sonra ölkəmizin nüfuzu dünyada artıb. Bir çox dünya dövlətləri üçün daha maraqlı, vacib bir ölkəyə çevrilib. Sabiq prezident Məhəmməd Mursinin hakimiyyəti bitdikdən sonra yerinə Əbdülfəttah Əs-Sisi lider təyin olundu. 

Daha sonra Türkiyə-Misir münasibətləri zəifləyən xətt üzrə inkişaf etdi. Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edib. İndi də Türkiyə-Misir əlaqələrinin "isinməsində" vasitəçilik missiyasını yerinə yetirə bilər.

 İstənilən halda bu səfəri əhəmiyyətli saymaq olar. Çünki ərəb dünyasında da erməni diasporu, lobbisi güclüdür. Hansı ərəb ölkəsində erməni lobbisi fəallıq göstərisə, Türkiyə ilə əlaqələri yaxşı vəziyyətdə deyilsə, orada münasibətlərin düzəlməsi, möhkəmlənməsinə çalışmaq təbii ki, Azərbaycanın da maraqlarına cavab verir. Bu baxımdan səfər hər iki ölkə üçün əhəmiyyətli və nəticəli olacaq".

Qeyd edək ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.