“...İqtidarı tənqid etməyə davam etdi”
“Nəticədə istər-istəməz xalqın qəzəbinə tuş gəldi. Bunu görən müxaliflər də geri addım atmaq məcburiyyətində qaldılar”
“Çünki hadisəyə geniş planda baxıldığında zəlzələ olan şəhərlərin bələdiyyələrinin hamısının iqtidar partiyasının nümayəndələri olmadığını görürük”
"Türkiyədə yaşanan bu hadisənin psixoloji vəziyyəti kənardan görünəndən fərqlidir".
Bunu "Sherg.az"a AĞ Partiya İdarə Heyətinin üzvü, Türkiyənin Ege Universitetinin doktorantı Kamal İlhamoğlu qardaş ölkədə baş verən zəlzələnin seçkilərin taleyinə təsirindən danışarkən bildirib. Onun sözlərinə görə, mövzu ilə bağlı kənarda danışanlar statistik rəqəmlər, şərhlər, proqnozlar verə bilərlər:
"Lakin hazırda Türkiyədəki hadisələrdən danışarkən psixoloji faktlar da nəzərə alınmalıdır. İndiki zamanda siyasi kulislərdə heç kim seçki məsələsini qaldırmağa cəsarət etmir. Çünki 12-13 milyon insanın həyatına birbaşa təsir edən məqamdan bəhs olunur. Zəlzələdən zərər çəkmiş bölgələrin əhalisi müxtəlif ərazilərə köç etmək məcburiyyətində qalıb. Yaxın vaxtlarda hətta seçimin texniki şərtlərinin yerinə yetirilməsi də asan görünmür. Zəlzələdən sonra hökumətin ilk açıqlamalarından biri məlum bölgədə fövqəladə vəziyyət rejiminin elan edilməsi ilə bağlı idi. Müddət isə qeyri-müəyyən vaxta qədərdir. İki gün öncə də universitetlər onlayn tədrisə keçirildi. Yəni seçkinin bizə məlum tarixdə - may-iyun aylarında keçirilməsini gözləmək yanlış olar. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində çıxış edərkən, yıxılmış binaların 1 il içərisində yenidən inşa edilərək, əhalinin xidmətinə veriləcəyini qeyd edib. Böyük ehtimalla orada quruculuq və bərpa işləri tamamlandıqdan, xalq evlərinə döndükdən sonra seçkilər baş tutacaq. Bu, məsələnin prosedur tərəfidir”.
K.İlhamoğlu onu da diqqətə çatdırıb ki, bizə maraqlı olan bu hadisələrin seçkilərin qalib tərəfinin müəyyənləşməsində necə rol oynadığı ilə bağlıdırsa, ölkə müxalifəti yaşanan faciənin ilk günlərindəki reaksiyaları ilə xalqın böyük qisminin qəzəbinə səbəb oldu:
“Çünki iqtidarın bütün nümayəndələri "İndi siyasət zamanı deyil", "Birlik olmalıyıq", "Bu günlər keçsin, günahkarları cəzalandıracağıq" tərzli açıqlamalar verirlər. Müxalifət isə tam əksinə, hadisə yerində belə, siyasətlə məşğul olmağa, iqtidarı tənqid etməyə davam etdi. Nəticədə istər-istəməz xalqın qəzəbinə tuş gəldi. Bunu görən müxaliflər də geri addım atmaq məcburiyyətində qaldılar. Çünki hadisəyə geniş planda baxıldığında zəlzələ olan şəhərlərin bələdiyyələrinin hamısının iqtidar partiyasının nümayəndələri olmadığını görürük. Bu hal da müxalifətin bəzi tezislərinin əsassız olduğunu deməyə imkan verir. Analoji bir neçə faktı da sadalamaq mümkündür".
K.İlhamoğlu bir məqamı da əlavə edib ki, seçkilərin taleyini adətən, siyasət elmində "çantası əlində olan seçicilər" deyilən qrup həll edir:
"Bu nə deməkdir? Yəni ideoloji qrupların kimə səs verəcəyi öncədən bəlli olur. Dəyişməzdir. Əsas isə bir partiyadan qopub, başqa qruplara gedən seçicilərdir. Onlar da son vaxtlarda partiyaların gördükləri işlərə və plan-proqramlarına baxırlar. Hökümətin duruşu ondan uzaqlaşmaq istəyən qrupları yenidən ətrafında cəm etməyə başladı. “AK Parti” hökuməti bu kimi hallarda səfərbər olmağı daha yaxşı bacarır".
Müsahibimiz son olaraq vurğulayıb ki, hadisə yaşandığı gündən etibarən hökumət xalqa verdiyi sözlərin hər birini əskiksiz yerinə yetirəcəyi halda Ərdoğan seçkiləri 1-ci turda qalib olaraq, bitirəcək:
"Bu məqam çox önəmlidir. Türkiyə cəmiyyəti həssasdır. Onlar üçün güclü, verdiyi sözü yerinə yetirən dövlət və iqtidar anlayışı çox vacibdir".