"İndiki dövr geopolitik münasibətlərin həssas zamanıdır".
Bunu "Sherg.az"a siyasi şərhçi Turab Rzayev Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya səfərindən danışarkən deyib. Onun sözlərinə görə, dünyada geosiyasi qırılmalar baş verir:
"Ətrafımızda ayrı-ayrılıqda həddən artıq ciddi bir qütbləşmə mövcuddur. Belə bir dönəmdə ölkələrin artıq tərəf seçməyə məcbur edildiyini görürük. Məsələn, rəsmi Tehranın nüvə sazişinə qayıtması çox yaxın idi.
Amma Ukraynadakı İran raketlərinin istifadəsindən sonra cənub qonşumuz Rusiyanın çox yaxın müttəfiqi olmağa məcbur qaldı. Beləliklə, artıq nüvə danışıqları sona çatdı. Eyni zamanda Rusiya artıq digər ölkələri də tərəf seçməyə sövq edir. Azərbaycan da bütün bu geopolitik nəqliyyat dəhlizlərinin, logistik xətlərin üzərində yerləşir.
Çindən Avropaya gedən yol Qazaxıstan, Azərbaycan, Gürcüstan, daha sonra Türkiyədən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı limanlarının əhəmiyyəti xeyli artıb. Eyni zamanda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan ərazisindən keçərək, İrana, daha sonra Asiyaya açılır. Qərb istəyir ki, Azərbaycan Rusiyanın layihələrində iştirak etməsin. Eyni zamanda Rusiya isə Azərbaycanı öz layihələrində, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində olmasını istəyir.
Belə həssas zamanda ölkəmiz digər dövlətlərlə diplomatik münasibətlərin vaxtaşırı olaraq, səviyyəsini qaldırmalıdır. Ona görə də Azərbaycan rəsmilərinin, xüsusilə yüksək rütbəli şəxslərin - baş nazir, parlament sədri və ya ölkə rəhbərinin xarici ölkələrə səfərləri bizi təəccübləndirməməlidir. Bu, normal haldır. Böyük ehtimal, Rusiya ilə də daha çox mədəni, iqtisadi, eyni zamanda nəqliyyat, logistika sahələrində olan məsələlərin müzakirəsi aparıla bilər".
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada səfərdədir. Səfər çərçivəsində S.Qafarovanın Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması və Federasiya Şurasının sədrləri ilə görüşləri nəzərdə tutulub.