“Balanslı siyasət ortaya qoyaraq həm Azərbaycanın, həm də İranın Rusiya üçün eyni dərəcəli tərəfdaş olduğunu göstərməyə çalışıb”
Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə olub. S.Lavrov İrandakı səfirliyimizə hücum barədə də danışıb. O deyib ki, İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir.
Nazir, həmçinin Azərbaycan- Rusiya – İran üçtərəfli əlaqələrindən söz açıb. Baş diplomat bu platformanın yaxşı gələcəyinin olduğunu söyləyib: "Rəsmi Moskva bu formatın bərpasına töhfə verməyə hazırdır. Pandemiya dövründən əvvəl Rusiya-Azərbaycan-İran üçtərəfli formatı uğurla fəaliyyət göstərirdi. Düşünürük ki, onun yaxşı gələcəyi var. İndi biz maraqlıyıq ki, iranlı həmkarlarımız Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görsünlər. Biz bu problemin həllinə kömək etməyə çalışacağıq”.
S.Lavrov 3+3 formatında daha bir regional əməkdaşlıq platformasından danışaraq bildirib ki, ikinci görüşə hazırlıq gedir: “3+3 platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşıb. Bu mexanizmin yalnız bir iclası keçirilib. Gürcüstan isə iştirakdan yayınıb. Lakin biz razılaşdıq ki, Tbilisi üçün qapını həmişə açıq saxlayaq. Bu, hazırkı mərhələdə ikinci görüşün hazırlanması kontekstində tamamilə aktual olaraq qalır”.
Lavrovun açıqlamasını “Sherg.az”a şərh edən jurnalist, siyasi şərhçi Kənan Novruzovun fikrincə, onun fikirləri ikibaşlı xarakter daşıyır:
“Bir çox rəsmilərdən fərqli olaraq Rusiyanın baş diplomatı Tehrandakı səfirliyə hücumu terror kimi səciyyələndirmədi. Bu, Moskva- Tehran əlaqələri ilə bağlıdır. Əlbəttə, Lavrovun sözügedən hadisəni terror adlandırması ikitərəfli münasibətlərə mənfi təsir edəcəkdi.
İkinci bir tərəfdən, Lavrov hadisənin üstündən keçə bilməzdi. Rusiya Azərbaycana hörmətsizlik etmiş olardı. Ona görə də Lavrov belə bəyanat verib. Lavrov birbaşa olaraq İranı ittiham etməyib. Deməli, Rusiya xarici işlər naziri İranla münasibətlərə həssas yanaşır.
Rusiya baş diplomatının üçtərəfli platforma barədə fikirləri də əslində qeyri - səmimidir. Ən azından mövcud duruma əsasən deyə bilərik ki, bu platformanın ciddi perspektivi yoxdur. İranın Azərbaycana qarşı qeyri - adekvat münasibətini səbəb kimi söyləmək mümkündür. Əslində Lavrov da indiki vəziyyəti anlayır. Sadəcə olaraq o, bu fikri ilə balanslı siyasət ortaya qoymağa, həm Azərbaycanın, həm də İranın Rusiya üçün eyni dərəcəli tərəfdaş olduğunu göstərməyə çalışıb”.
K.Novruzovun qənaətincə, hazırda Rusiya nə Azərbaycan, nə İranla münasibətləri pisləşdirmək istəyər. Çünki Azərbaycan Rusiya mühüm partnyordur:
“Tərəflər arasında müttəfiqlik sazişi imzalanıb. Bakı ilə münasibətlərin pozulması Moskvanın Cənubi Qafqazdakı mövcudluğunu itirməsi deməkdir. İran Rusiyaya dəstək olan, bu dövlətə qarşı sanksiyalara qoşulmayan nadir ölkələrdəndir. İran Rusiyaya həm də hərbi dəstək verir. Moskva Tehranla münasibətlərdə ziddiyyətin yaranmasını istəməz.
Hələlik Tehranla Bakı arasında gərginlik Moskvanın maraqlarına uyğun deyil. Çünki Rusiya çətin durumda qalır. Əgər tərəflər arasında gərginlik davam edərsə, Kreml gələcəkdə seçim etmək məcburiyyətində qala bilər.
Lavrovun açıqlamasının məğzi Rusiyanın maraqları kontekstindən başa düşüləndir. Hərçənd rusiyalı nazir bir çox hallarda olduğu kimi, indi də səmimi deyil. O, sadəcə situasiyaya uyğun danışır. Vəziyyət dəyişərsə, Lavrovun fərqli mövqedən çıxış edəcəyi gözləniləndir”.