Azərbaycan rəsmiləri bu gün, martın 1-də Qarabağda erməni icmasının təmsilçiləri ilə görüşüb. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyənləşib. Görüş Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Qarabağdakı ermənilərlə baş tutan ilk təması "Sherg.az"a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, bu, Azərbaycanın separatçılarla danışıqlar apardığı mənasına gəlmir:
"Azərbaycan belə yanaşmanı qəbul etmir, ölkəmizin xarici siyasətinə uyğun deyil. Azərbaycan tərəfi dəfələrlə Qarabağdakı ermənilərlə əlaqələr qurmağın vacibliyini vurğulayıb. Bəzi təmaslar mövcud idi. Hazırda ekoloji aksiyanın davam etməsi fonunda ermənilərlə görüşün keçirildiyini müşahidə edirik. Təmasın təşkili mühüm addımdır. Rəsmi Bakı bütün məsələlərə ərazi bütövlüyü, suvenerliyi və sərhədlərin toxunulmazlığı, ölkəmizdə separatizmin kökünün kəsilməsi kontekstində yanaşır.
Görüşün məqsədi sadəcə yalnız etnik ermənilərin cəmiyyətimizə inteqrasiyasıdır, əks halda R.Məmmədov görüşdə iştirak etməzdi. Sülhməramlılar vasitəçi rolunda çıxış edirlər. Rusiya sülh prosesinin qaçılmaz olduğunu görür. Görüşün təşkilində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbayacan səfərinin də təsiri də olub. İstənilən halda belə görüşlər bölgədə təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət etməlidir.
Laçın yolu üzərində nəzarət-buraxılış məntəqlərinin qurulması, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının surətləndirilməsi kimi qiymətləndirilməlidir. Hadisənin başqa formada erməni mediasında təqdimatı da yolverilməzdir".