“Türkiyədə prezident seçkilərini qazanacaq ən real namizəd Rəcəb Tayyib Ərdoğandır. Əsrin faciəsindən - zəlzələdən sonra bəzilərində Ərdoğanın seçkiləri qalib gəlmə ehtimalı sual doğurub. Lakin Ərdoğan hələ də seçkilərin favoritidir. Müxalifətin namizədi belə müəyyənləşməyib. Müxalifətin irəli sürəcəyi namizədin bütün elektoratdan səs toplama potensialı güclü deyil”.
Bunu “Sherg.az”a açıqlamasında jurnalist, Türkiyədəki prosesləri yaxından izləyən “Avropa.info” saytının rəhbəri Ruslan Bəşirli deyib.
R.Bəşirli may ayının 14-də Türkiyədə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı fikirlərini bölüşüb:
“Müxalifətin öncül nümayəndəsi Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis qrupu partiya sədri Kamal Kılıçdaroğlunun namizəd olacağı söylənilir. K.Kılıçdaroğlu Ədalət və İnkişaf Partiyası (AK Parti) seçicilərindən səs ala biləcəyi inandırıcı deyil.
İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu da 4 illik fəaliyyəti ərzində heç bir layihəyə imza atmayıb. Bu, onun mənfilərindən biridir.
Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşın siyasi fəaliyyəti Milliyətçi Hərəkat Partiyasıdan (MHP) başlayıb. Ona görə də, Xalqların Demokratik Partiyası (HDP, kürd siyasi partiyası) seçənlərindən səs toplaması inandırıcı gəlmir. Müxalifət belə bir dilemma qarşısında seçkiyə gedir. Üstəlik, müxalifətin içərisində seçimlə bağlı fikir ayrılıqları yaşanır. İYİ Partiya başqanı Meral Akşenər "Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək üçün toplaşmamışıq...” açıqlaması CHP ilə İYİ partiya arasında gərginlik yaranmışdı.
Ən güclü namizəd Ərdoğandır. Müxalifət belə seçkilərin birinci turunda Ərdoğana qalib gələ biləcəklərini iddia etmir. İkinci turda qalib gələ biləcəklərini bildirirlər”.
R.Bəşirlinin fikrincə, Ərdoğanın qalib gəlməsi Azərbaycan, xüsusilə Türk dünyası üçün çox önəmlidir:
“Türkiyədə rəy sorğuları keçirilir. Tutalım, "İqtisadiyyatda problem var?" sorğusuna görə, əhalinin 60-70 faizi "var" deyir. Problemi həll edə biləcək şəxs kimi 70 faiz üstünlüklə Ərdoğan göstərilir. “AK parti”nin 20 illik hakimiyyətinin 12-15 ilində iqtisadi problemlər olmayıb. Koronavirusdan sonra iqtisadi problemlər ortaya çıxıb, ardınca da zəlzələ baş verib.
Dövlətin zəlzələnin nəticələrinə müdaxilə etməməsi ilə bağlı ajiotaj yaratmaq cəhdləri oldu. Dövlət anında məsələyə müdaxilə edib, görüntülər də mövcuddur. Mart ayından etibarən bir neçə şəhərin yenidən tikintisinə başlanılır".