“Azərbaycan Naminə Alyans Partiyasının Yeni Azərbaycan Partiyasına birləşəcəyi barədə fikirlər tam əsassızdır. Dünən qurultay partiyanın ləğv olunması haqqında qərar qəbul etdik. Təklifi mən verdim. 30 ilə yaxın müddətdə apardığımız mübarizə, göstərdiyimiz fəaliyyət kifayət qədər uğurlu olub”.
Bunu “Sherg.az”a açıqlamasında ləğv edilən Azərbaycan Naminə Alyans Partiyasının keçmiş sədri Abutalıb Səmədov deyib.
A.Səmədov bildirib ki, Azərbaycan xalqı siyasi partiyalara meyilli deyil:
“Siyasi partiyaların sayının artmasını ölkədə parçalanma meyilləri kimi qiymətləndirirlər. II Qarabağ müharibəsi də göstərdi ki, xalq partiyaların birgə fəaliyyət göstərməsini istəyir.
Partiyanı yaradanda əsas hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün təmini idi, artıq məqsədimizə çatmışıq. Azərbaycan Naminə Alyans Partiyasının da kifayət qədər əməyi var. 1998-ci ildə ulu öndər Heydər Əliyev şəxsən bu partiya haqqında xoş sözlər söyləmişdi.
Siyasi partiya liderləri "siyasi ekspert" kimi çıxış edirlər. Əksəriyyəti ciddi konsepsiyalar hazırlamırlar. Əgər belədirsə, sadəcə siyasi ekspert kimi fəaliyyətimizi davam etdirməliyik.
“Siyasi partiyalar haqqında” qanuna görə 5 min üzv tələbi qoyulub. Tanışları, qohumları, yaxınları bir araya yığıb 5 min üzv toplamaq olar. Lakin belə fəaliyyət kimə lazımdır? Görüntü xatirinə kiçik partiyaların yaşamasına ehtiyac varmı? Düşündük ki, ehtiyac yoxdur. İlk addımı atdıq. Mən də fəaliyyətimi siyasi ekspert kimi davam etdirmək niyyətindəyəm".