Gürcüstanda "xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyaları davam etməkdədir.
Qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb. Lakin müxalifət partiyaları Tbilisidə etirazlar davam edəcəyini bildirib.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.
Aksiyalarla bağlı "Sherg.az"a danışan əslən Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli bildirib ki, Gürcüstanın indiki hakimiyyəti Rusiyanın layihəsidir, ruspərəstlərlə zəngindir:
"Gürcüstanı demokratik dünyaya inteqrasiyadan əngəlləmək və ona qarşı mübarizə aparan qüvvələri zərərsizləşdirmək əsas hədəflərindəndir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin apardığı islahatlardan kənara çıxmalar barədə kifayət qədər faktlar var. Ancaq milli qüvvələr, müxalifət meydandadır. Avropaya, NATO-ya inteqrasiya xəttində israrlıdırlar.
Qanun layihəsi qəbul edərək Qərb demokratik qüvvələr ilə Gürcüstanın əlaqəsini kəsmək, yəni müxalifəti Qeyri Hökumət Təşkilatlarını (QHT), medianı tamamilə təsirsiz hala salaraq prosesi istəklərinə uyğun idarə etmək fikirləri var. Gürcüstanda QHT-lər fəaldır, həm də asılı deyil, nisbətən azaddır".
Z.Məmmədlinin qənaətincə, hakimiyyət yüz minlərlə insanın etirazını nəzərə almalıdır:
"Əks halda polisin gücü ilə dağıdılan aksiyalar genişmiqyaslı çıxışlara çevriləcək. Maraqlıdır ki, Gürcüstanın prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəkləyir. Qanun layihəsinə veto qoyacağını vəd edib. Bu, hökumət və prezident institu aranısda gərginliyin artmasına, siyasi böhrana apara bilər.
Başlanılan proses demokratiyanın xeyrinədir. Aksiya Rusiyanın təsirindən çıxmağa hesablanıb. Gürcüstanda proses açıq müstəviyə keçib. Rəsmi Tiflisin rəsmi Moskvadan uzaqlaşması prosesi Azərbaycana da yansıyacaq. Gürcüstanla birgə demokratik dünyaya inteqrasiyaya önəm vermək həmçinin bizim gələcək milli vəzifələrimizdən olacaq".