İran uşaqları təxribat alətinə çevirir! – “Effekt verməyəcək”

Araz çayının sahilində - İran-Azərbaycan sərhədində iranlı məktəblilər “Salam, komandir” hərbi marşını səsləndiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edilir ki, İranın Araz Azad İqtisadi Bölgəsində təhsil alan məktəb şagirdləri 1941-ci ilin sentyabrında burada guya təcavüzkarların hücumuna müqavimət göstərmiş üç şəhid iranlı əsgərin məzarı yanında “Salam, fərmandeh” (komandir) hərbi marşını (Xameneiyə həsr olunub) ifa ediblər.

Uşağları dərsdən yayındıraraq bu cür kompaniyalara qoşmağın məntiqsiz olduğunu deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, bu cür təxribatların Azərbaycan cəmiyyətinə təsir gücü yoxdur:

"Digər tərəfdən belə hadisələr sadəcə cəmiyyəti qıcıqlandırır. Biz də öz uşaqlarımızı İran sərhəddinə apararaq, şüarlar səsləndirə bilərik. Bu isə heç bir nəticə verməyəcək. Doğrudur, indiki İran cəmiyyətində belə təxribatlar böyük rol oynayır. 

Ola bilər ki, cəmiyyəti cari problemlərdən yayındırmaq üçün bunu edirlər. Biz bilirik ki, hazırda cənub qonşumuzda müzakirə olunan məsələlərdən biri də şagirdlərin kütləvi zəhərlənməsidir. Cəmiyyət bunu müzakirə edir. 

Bu cür diqqət yayındırıcı aksiyalar keçirməklə İran dövləti nəyəsə nail ola bilməyəcək. Belə gülünc təxribatlar Azərbaycan ictimaiyyətinin mövqeyinə və rəyinə təsir edə bilməz".