Martın 15-dəTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, tərəflər taxıl sazişi və ikitərəfli əlaqələri müzakirə ediblər.
Danışığın gizlinlərini "Sherg.az"a açan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Türkiyə taxıl məsələsində çox böyük məsafə qət edib:
"Bu təkcə Türkiyə yox, dünya adına bir uğurdur. Çünki BMT səviyyəsində dilə gətirilən bir böhran yaranmışdı və Türkiyə bunun həllində böyük rol oynadı. Təbii ki, indiki situasiyada ilk müzakirə mövzusu taxıl böhranıdır. Lakin bundan başqa iki məsələnin də müzakirə ediləcəyini ehtimal etmək olar. Birincisi, Suriya problemidir. Bilirik ki, rəsmi Ankaranın Suriya siyasətində müəyyən bir dəyişikliklərin ola biləcəyi gözləntiləri var. Bunu Rəcəb Tayyib Ərdoğan da bildirib. Hətta onların Əsədlə görüşü də gözlənilir. Belə bir perspektiv isə Rusiyadan asılıdır. Yəni yalnız Kreml tərəfləri masada əyləşdirə bilər. Xüsusən Əsəd Moskva idi və orada da bu məsələlər müzakirə edilib. Ümumiyyətlə Əsəd rejiminin də öz tələbləri var və Türkiyə ilə Rusiya arasında müzakirə olunası vacib məsələlərdən biri də budur".
Analitikin sözlərinə görə, telefon danışığında Cənubi Qafqazdakı proseslərin də müzakirə edildiyini ehtimal edir:
"Üç tərəfli razılaşma Ermənistan Rusiya və Azərbaycan arasında olsa da, Türkiyə Bakı tərəfindən bu prosesdə iştirak edir. Müharibədən sonrakı dövrdə şifahi anlaşmalar olub və burada Türkiyə ilə Rusiya böyük rol oynayır. Düzdür son vaxtlarda Avropa İttifaqı və Qərb bölgəyə nüfuz edib. Amma həlledici rol oynayan tərəflərdən biri Ankaradır. Kreml də Qərblə danışıqlara getmədiyi bir vaxtda, bölgədəki prosesləri Türkiyə ilə birgə həll etməyə çalışır. Yəni Qarabağdakı vəziyyət və Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsinin də danışıqlar masasına yatırılması İstisna edilmir. Həmçinin bu danışığın Türkiyədə keçirilən TDT-nin zirvə toplantısına da təsadüf etməsi çox maraqlıdır".