Paşinyan “dil pəhləvanıdır”! -  “Ermənistanı KTMT-dən çıxarmaqla ...”

Dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, KTMT-nin Baş katibi İrəvanda bir sıra rəsmi şəxslərlə, o cümlədən baş nazir Nikol Paşinyanla görüşəcək.
Səfəri "Sherg.az"a dəyərləndirən politoloq Tofiq Abbasov söyləyib ki, Ermənistanla KTMT arasında gərginlik var:
“Bu gərginliyi isə KTMT yox, Ermənistan tərəfi yaradır. Onlar bütün dövlətlərlə, beynəlxalq və hərbi-siyasi təşkilatlarla problem yaşayır. Ümumiyyətlə, Paşinyan çox məntiqsiz gediş və çıxışlara üstünlük verir. Bilirik ki, Azərbaycanla münasibətlərin pis  olmasının da tək səbəbkarı İrəvandır. Məsələ burasındadır ki, onlar özlərini hər təşkilatdan üstün sayırlar. Yəni qarşı tərəflərin onlara borclu olduğunu düşünürlər. Hətta yaxınlarda Paşinyan Azərbaycan Ermənistanın KTMT-dən gedəcəyini açıqlamışdı. Bu təşkilatdan ayrılmaq isə İrəvandan asılı olan məsələ deyil. Bunu Rusiya və ya təşkilatın digər üzv dövlətləri həll edəcək. Ermənistanın bu proseslərə təsir göstərmək imkanı zəifdir, hətta sıfıra bərabərdir. Əgər Rusiya öz qoşunlarını Ermənistana yerləşdiribsə və onun sərhədlərini qoruyursa, oranı tərk etmək də yalnız Kremlin əlindədir. Digər tərəfdən biz Paşinyanı zəif siyasətçi hesab edirik. Lakin sual yaranır ki, bəs Koçaryan və Sarkisyan Rusiyaya qarşı nə edə bildi? Onların yalnız bəxti gətirdi ki, 2016-cı ildə Azərbaycanın aprel döyüşlərindəki əks-hücumu Moskva tərəfindən dayandırıldı. Yoxsa elə o məqamda biz hər şeyi sonlandırmağa hazır idik. Düzdür biz Lələtəpəni azad etdik və uğur qazandıq. Bununla da Ermənistana Azərbaycanın gücünü göstərdik".

T.Abbasovun sözlərinə görə Ermənistanın əlində kiməsə öz tələblərini irəli sürmək imkanı yoxdur:
"Paşinyanın çıxışları daxili auditoriyada gülüşlə qarşılanır. Hamı bilir ki, o yalnız “dil pəhləvanıdır”, iş qabiliyyəti zəifdir. Odur ki, bu faktorları nəzərə alsaq. Ermənistanın son dərəcədə problemli vəziyyətdə olduğunu müşahidə edərik. Onların çıxış yolu isə Azərbaycanın tələblərini qəbul etmək və qarşıdurma siyasətindən əl çəkməkdir. Əks təqdirdə KTMT-dən çıxmaq və ya qalmaq onlara kömək etməyəcək".