Saakaşvili nə vaxt azad olunacaq? - AKTUAL

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini söyləyib.
Sabiq lider bu barədə ABŞ-nin “Politiko” nəşrinə müsahibəsində deyib. 
M.Şaakaşvili hadisənin həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.
M.Saakaşvilinin vəkili Massimo D'Angelo məsələyə münasibət bildirərkən deyib ki, çox güman, keçmiş prezidentin yeməyinə zəhər qatılıb.

Saakaşvilinin açıqlamasını "Sherg.az"a dəyərləndirən ictimai-siyasi xadim  Zəlimxan Məmmədli bildirib ki, bu ittihama inanmamağa əsas yoxdur:
"Çünki zəhərlənmə faktı artıq öz təsdiqini tapıb. Həmçinin Gürcüstanın indiki hakimiyyəti Rusiyaya kifayət qədər bağlıdır. Bu isə şübhələr yaradır və deyilən sözlərdə həqiqətən olduğunu sübut edir. Ümumiyyətlə, çox hallarda Rusiya digər ölkələri ordusu gücünə işğal etmir. Sadəcə olaraq hakimiyyətə öz adamını yerləşdirir və onun əlilə də işlərini görür. Buna görə də Gürcüstanın indiki hakimiyyəti ruspərəstlərlə doludur. Digər tərəfdən proseslər Saakaşvilinin azad olunması istiqamətində gedir. Rusiyanın himayəsində olan Gürcüstan hökumətinin sonunun nə vaxt yaxınlaşması isə növbəti seçkilərdə bəlli olacaq".